Bakı. Trend:
Azərbaycanda yetkin yataqlarda hələ də böyük potensial mövcuddur.
Trend xəbər verir ki, bunu "GL Group"un Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın Orta Dəhliz üzərində yerləşən strateji mövqeyi ölkəyə logistika və təchizat zənciri sahəsində mühüm üstünlüklər qazandırır.
"Azərbaycan özünü sabit və etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu da investorların və operatorların regiona marağını artırır. Ölkədə formalaşdırılmış enerji və nəqliyyat infrastrukturu yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır. Buraya ilk dəfə gələn şirkətlər böyük həcmdə ilkin kapital yatırmadan mövcud infrastrukturdan faydalana bilirlər. Bu sistemlər işlək, təhlükəsiz və etibarlıdır", – deyə o bildirib.
A.Zeynalov qeyd edib ki, Azərbaycandakı yetkin yataqlarda hələ də əhəmiyyətli potensial mövcuddur və müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, səmərəli kapital bölgüsü və təşkilati imkanların inkişafı hesabına əlavə dəyər yaratmaq mümkündür.
"Biz Azərbaycanın perspektivlərinə böyük nikbinliklə baxırıq. Peşəkar idarəetmə və əməkdaşlıq vasitəsilə növbəti mərhələdə daha böyük dəyər yarada bilərik. Hesab edirəm ki, regionda əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur", – deyə o əlavə edib.
