Bakı. Trend:
Alimlər 86 mindən çox insanın məlumatlarını təhlil edərək, ultra emal olunmuş qidaların yüksək istehlakının vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Trend xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Ultra emal olunmuş məhsullara şirin qazlı içkilər, bir çox hazır səhər yeməkləri, qəlyanaltılar, yarımfabrikatlar və tərkibində çoxlu əlavələr olan digər sənaye istehsalı məhsulları daxildir. Tədqiqatçılar 17 il ərzində iştirakçıları izləyiblər və bu müddətdə 24 mindən çox ölüm halı qeydə alınıb.
Araşdırma göstərib ki, yüksək dərəcədə emal olunmuş qidaları ən çox qəbul edən şəxslərdə onları ən az istehlak edənlərlə müqayisədə istənilən səbəblərdən ölüm riski 10 faiz daha yüksək olub. Onlarda ürək-damar sistemi xəstəliklərindən ölüm riski 9 faiz, neyrodegenerativ pozuntular da daxil olmaqla sinir sistemi xəstəliklərindən ölüm riski 20 faiz, digər xəstəliklərdən ölüm riski isə 28 faiz yüksək olub. Bununla yanaşı, alimlər bu məhsulların istehlakı ilə xərçəngdən ölüm arasında əlaqə aşkar etməyiblər.
Əlavə təhlil göstərib ki, mənfi təsirlərə ən çox şirin qazlı içkilər və yüksək dərəcədə emal olunmuş taxıl məhsulları səbəb olub. Bununla yanaşı, tərəvəz, meyvə, tam taxıl məhsulları və digər faydalı ərzaqlarla zəngin qidalanma belə məhsulların mənfi təsirini müəyyən qədər zəiflədib.
Tədqiqatın müəllifləri bildirirlər ki, əldə olunan nəticələr ultra emal olunmuş qidaların müntəzəm istehlakının sağlamlığın pisləşməsi və ömür müddətinin qısalması ilə əlaqəli ola biləcəyini təsdiqləyir.