Bakı.Trend:
Süni intellekt enerji infrastrukturunda yeni imkanlar yaradır və proseslərin transformasiyasını tələb edir.
Trend xəbər verir ki, bunu Boston Konstaltinq Qrupunun (BCG) idarəedici direktoru və baş tərəfdaşı, enerji praktikasının qlobal rəhbəri - Pattabi Seşadri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı sessiyada çıxışında deyib.
Onun sözlərinə görə, süni intellektin inkişafı genişmiqyaslı infrastruktur investisiyaları ilə müşayiət olunur və bu, məlumat mərkəzlərinin tikintisi və hesablama güclərinin genişləndirilməsini əhatə edir.
O qeyd edib ki, 2030-cu ilə qədər çip əsaslı hesablama gücləri üzrə təxminən 75 giqavatın istismara verilməsi nəzərdə tutulur və bu həcm məlumat mərkəzlərinə hər giqavat üçün təxminən 50 milyard dollar investisiya ilə üst-üstə düşə bilər.
P. Seşadri həmçinin enerji infrastrukturunun böyük potensialını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
O bildirib ki, enerji sektoru artıq yüksək məhsuldarlıqlı hesablama və texnologiyaların ən iri istehlakçılarından biridir, lakin bu fakt ictimai müzakirələrdə kifayət qədər geniş əks olunmur.
Pattabi Seşadri süni intellektin tətbiqinin iki əsas istiqamət üzrə həyata keçirilməsinin vacibliyini də qeyd edib: işçilərin gündəlik fəaliyyətində texnologiyaların istifadəsi və müxtəlif növ süni intellekt sistemləri — o cümlədən proqnozlaşdırıcı, generativ və agent əsaslı sistemlər vasitəsilə istehsal və idarəetmə proseslərinin kompleks şəkildə yenidən qurulması.
