Bakı. Trend:
"Azəri-Çıraq-Günəşli" (AÇG) strateji neft-qaz infrastrukturu layihəsinə çevrilib.
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, neft-qaz sənayesində upstream (hasilat və işlənmə) sektorunun qarşısında duran əsas çağırışlar dəyişməkdədir.
"Əvvəllər neft və qaz hasilatının əsas mənbəyi yeni yataqların kəşfi, yeni regionların mənimsənilməsi və iri, xüsusilə də dəniz layihələrinin həyata keçirilməsi idi. Bu gün isə əsas məsələ təkcə yeni kəşflər deyil. Qarşıda duran əsas vəzifə mövcud yataqlardan daha çox dəyər əldə etmək, mövcud infrastrukturdan səmərəli istifadə etmək və bütün bunları daha sürətli həyata keçirməkdir", - deyə o bildirib.
Babək Hüseynov qeyd edib ki, mövcud yataqlarda hasilatın bərpa əmsalının cəmi 1 faiz artırılması belə uzun illər ərzində enerji tələbatının ödənilməsinə mühüm töhfə verə bilər.
O vurğulayıb ki, bu yanaşma kəşfiyyat işlərinin əhəmiyyətini azaltmır, çünki ehtiyatların yenilənməsi baxımından yeni kəşflər vacibdir. Lakin sənayedə diqqət getdikcə mövcud aktivlərdən maksimum səmərə əldə olunmasına yönəlir.
SOCAR-ın vitse-prezidenti bu baxımdan "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsini nümunə göstərib.
"Yalnız dünən AÇG-dən qeyri-assosiasiyalı qazın hasilatı ilə bağlı mühüm mərhələni qeyd etdik. AÇG son 30 il ərzində dünyanın ən böyük neft yataqlarından biri kimi tanınıb. Lakin artıq bu layihəyə yalnız neft yatağı kimi baxmırıq. AÇG bu gün həm neft, həm də qaz potensialına malik strateji enerji infrastrukturu layihəsidir. Layihənin altında böyük həcmdə resurslar mövcuddur və BP ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən inkişaf proqramları bizi son dərəcə ruhlandırır", - deyə o əlavə edib.
Babək Hüseynov bildirib ki, Azərbaycanın enerji sektorunda mühüm yer tutan "Abşeron" qaz-kondensat yatağının işlənməsi zamanı əsas prioritetlər ilk qazın daha tez əldə olunması, son hasilat əmsalının artırılması, layihə həllərinin sadələşdirilməsi və kapital intizamının qorunmasıdır.
"Bu layihələrin həm tərəfdaşlarımız, həm də Azərbaycan üçün iqtisadi cəhətdən səmərəli olması vacibdir. Buna görə də onlar sadə, sürətli və maliyyə intizamı prinsipləri əsasında icra edilməlidir", - deyə o qeyd edib.
SOCAR rəsmisi "Qarabağ" yatağının işlənməsinin isə fərqli inkişaf modelini nümayiş etdirdiyini bildirib.
Onun sözlərinə görə, layihə mövcud infrastrukturun imkanlarından istifadə etməklə həyata keçirilir və bu yanaşma "infrastruktur əsaslı inkişaf" modeli kimi tanınır.
"Qarabağ layihəsində çevik sualtı qoşulma həllərindən istifadə olunur. Mövcud infrastruktura inteqrasiya hesabına layihənin icra müddəti qısalır və hasilatın daha sürətlə başlanmasına imkan yaranır. Bu infrastruktur Azərbaycanın enerji sektorunun ən dəyərli aktivlərindən biridir", - deyə Babək Hüseynov vurğulayıb.
