Bakı.Trend:
Energetika sektorunda bu gün əsas əhəmiyyət enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq arasında balansın təmin edilməsinə verilir, mövcud şəraitdə isə diqqət daha çox enerji təhlükəsizliyi məsələlərinə yönəlib.
Trend xəbər verir ki, bu barədə SLB şirkətinin coğrafi regionlar üzrə icraçı vitse-prezidenti Stiv Gassen (Steve Gassen) Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı sessiyada çıxışında deyib.
O, yaxın perspektivdə enerji təchizat zəncirlərinin daha dayanıqlı formalaşdırılması üçün yerli və regional səviyyələrdə investisiyaların gözlənildiyini, həmçinin texnologiyaların və beynəlxalq əməkdaşlığın rolunun güclənəcəyini vurğulayıb.
“Daha geniş baxsaq, SOCAR ilə davam edən əməkdaşlığı qeyd etmək lazımdır. Söhbət “Bahar” yatağından gedir ki, biz onu birgə yenidən qurulma və təkrar işlənmə üçün nəzərdən keçiririk.
Bu yataq keçmişdə bir sıra problemlərlə üzləşmiş olsa da, onun yenidən işlənməsi zamanı biz ən müasir rəqəmsal texnologiyaları və süni intellektə əsaslanan yeraltı (subsurface) iş proseslərini tətbiq edirik. Bu isə yeni, daha səmərəli rezervuar drenaj konsepsiyalarının və tam inteqrasiya olunmuş yataq işlənmə yanaşmalarının formalaşdırılmasına imkan verir. Bu yanaşmalar kifayət qədər unikaldır və ümid edirik ki, layihəni yekun investisiya qərarı (FID) mərhələsinə çatdırmağa imkan verəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, SLB-nin rəqəmsal texnologiyalar və süni intellektdən istifadə etdiyi digər bir istiqamət BP ilə əməkdaşlıqdır.
“Biz bp ilə artıq iki onillikdən artıqdır ki, Azərbaycanda neft hasilatının təxminən 70 faizini təmin edən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında işləyirik.
Belə böyük və yetkin yataqda hasilatın təbii azalması və xərclərin artması kimi tipik problemlərin müşahidə olunduğu şəraitdə bp avtonom və avtomatlaşdırılmış qazma texnologiyalarını fəal şəkildə tətbiq edir.
Biz onların texniki komandası ilə sıx əməkdaşlıq edərək qazma əməliyyatlarının səmərəliliyini artırmaq üçün rəqəmsal həllərdən və süni intellekt sahəsindəki nailiyyətlərdən istifadə edirik.
Bundan əlavə, bp-nin qazma sahəsində aktivlərinin səmərəliliyini və məhsuldarlığını artırmağa kömək edən digər texnologiyalar da tətbiq olunur.
Beləliklə, bu, operatorlarla birgə işləyərək təkcə ölkədə cari hasilatın dəstəklənməsinə deyil, həm də Azərbaycanın uzunmüddətli perspektivdə regionun aparıcı enerji ixracatçısı olaraq qalmasına töhfə verdiyimiz bir neçə nümunədən yalnız biridir”, – deyə o qeyd edib.
