BTQ Azərbaycanın tranzit potensialını genişləndirir - ekspert

İqtisadiyyat Materials 2 İyun 2026 12:53 (UTC +04:00)
BTQ Azərbaycanın tranzit potensialını genişləndirir - ekspert
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması və onun tam gücü ilə fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində rolunu daha da gücləndirir. Daşıma qabiliyyətinin artırılması, marşrutun rəqabət üstünlüklərinin genişlənməsi və Orta Dəhliz boyunca yük axınlarının sürətlənməsi BTQ-ni regionun ən strateji nəqliyyat layihələrindən birinə çevirir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolu xətti hazırkı geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, BTQ sanksiya altında olmayan ölkələrdən keçən yeganə quru nəqliyyat marşrutlarından biridir və layihənin əsas strateji dəyəri də məhz bundan ibarətdir.

"Xəttin yükötürmə qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırılması beynəlxalq yükdaşımalar üçün yeni imkanlar yaradır və marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Sürətli və etibarlı logistika yalnız infrastrukturun mövcudluğu ilə məhdudlaşmır. Bunun üçün sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, iştirakçı ölkələr arasında standartların uyğunlaşdırılması və rəqəmsal həllərin tətbiqi vacibdir.

Onun fikrincə, Orta Dəhlizin Çin sərhədindən Avropa İttifaqı sərhədlərinədək vahid rəqəmsal logistika sisteminə inteqrasiyası dəhlizin səmərəliliyini daha da artıracaq. Lakin bu istiqamətdə ölkələrin texniki imkanları və tətbiq etdikləri standartlar fərqləndiyindən koordinasiyanın gücləndirilməsinə ehtiyac var".

Ekspert hesab edir ki, Azərbaycanın Orta Dəhlizdə mövqeyinin güclənməsi təbii prosesdir. Çünki ölkə regionda geosiyasi baxımdan mühüm coğrafi mövqeyə malikdir və müxtəlif istiqamətlər üzrə nəqliyyat əlaqələrinin təmin olunmasında əsas halqa rolunu oynayır: "BTQ xəttinin modernləşdirilməsi və daşıma imkanlarının artırılması Azərbaycanın tranzit potensialını daha da genişləndirir. Bununla yanaşı, dəhliz boyunca yük həcmlərinin artırılması, tranzit müddətinin qısaldılması və logistika xidmətlərinin təkmilləşdirilməsi istiqamətində bütün iştirakçı tərəflərin koordinasiyalı fəaliyyəti vacib olaraq qalır.

Həyata keçirilən modernləşdirmə işləri nəticəsində BTQ artıq region üçün alternativ marşrut statusundan çıxaraq Avrasiya məkanında əsas nəqliyyat arteriyalarından birinə çevrilmək potensialını nümayiş etdirir",-deyə R.Ağamirzəyev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti