Bakı. Trend:
Xəzər hövzəsi XRG korporasiyası üçün strateji enerji mərkəzlərindən biridir və Azərbaycanın enerji sektorundakı ilk layihə SOCAR və TotalEnergies ilə birgə həyata keçirilən Abşeron layihəsidir.
Trend xəbər verir ki, bunu XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
"Beynəlxalq qaz istiqamətində dörd qitəni əhatə edən, regional baxımdan şaxələndirilmiş portfel formalaşdırırıq.
Xəzər hövzəsi bizim üçün strateji mərkəzlərdən biridir. Azərbaycanın enerji sektorundakı ilk layihəmiz isə SOCAR və "TotalEnergies" ilə birgə həyata keçirilən Abşeron layihəsidir. Hətta deyə bilərəm ki, beynəlxalq qaz biznesimizin fəaliyyətə başladığı ilk məkan Azərbaycan olub", - deyə o bildirib.
Tolqa Demir qeyd edib ki, XRG enerji sektorunda yeni oyunçu olsa da, şirkətin arxasında dünyanın aparıcı enerji şirkətlərindən biri olan ADNOC dayanır.
Onun sözlərinə görə, XRG ADNOC-un beynəlxalq investisiya qoludur və şirkətin dəyəri 150 milyard ABŞ dollarından çoxdur.
"Uzunmüddətli və dayanıqlı kapital yatırımları həyata keçiririk. Bu isə o deməkdir ki, biz qısamüddətli deyil, uzunmüddətli perspektivlə fəaliyyət göstəririk", - deyə o vurğulayıb.
Tolqa Demir bildirib ki, şirkət fəaliyyətini üç əsas istiqamət üzrə qurub: beynəlxalq qaz layihələri, kimya sənayesi və genişmiqyaslı enerji həlləri.
Onun sözlərinə görə, geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, XRG dünya üzrə investisiyalarını davam etdirir və yeni layihələr üzərində işləyir.
