“Abşeron” yatağının FID-i yaxın aylarda gözlənilir

Energetika Materials 2 İyun 2026 15:15 (UTC +04:00)
“Abşeron” yatağının FID-i yaxın aylarda gözlənilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə yekun investisiya qərarının (FID) yaxın aylarda qəbul olunacağı gözlənilir.

Trend xəbər verir ki, bunu XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, "Abşeron" yatağı XRG-nin beynəlxalq qaz portfelində ilk layihədir və hazırda layihənin birinci mərhələsi uğurla həyata keçirilir.

"Bu gün tərəfdaşlarımız SOCAR və "TotalEnergies" ilə birlikdə bir quyudan gündə təxminən 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edirik. Yaxın aylarda yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının qəbul olunacağını gözləyirik. Layihə çərçivəsində üç, hətta mümkün olarsa dörd quyu nəzərdə tutulur", - deyə o bildirib.

Tolqa Demir qeyd edib ki, layihə üzrə ilk qazın 2029-cu ilin avqust ayında əldə edilməsi hədəflənir.

O bildirib ki, XRG eyni zamanda Cənub Qaz Dəhlizində (CQD) 12,5 faiz payın alınması prosesini başa çatdırmaq üzrədir.

"Bu layihə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən, uzunluğu 3 min kilometrdən çox olan mühüm enerji dəhlizidir və hər il 25 milyard kubmetrdən artıq qaz nəql edir. Bu layihənin bir hissəsi olmaqdan məmnunuq", - deyə o vurğulayıb.

XRG nümayəndəsinin sözlərinə görə, şirkət ötən gün SOCAR, "TotalEnergies" və BOTAŞ ilə qaz satışına dair saziş imzalayıb ki, bu da yekun investisiya qərarının qəbuluna aparan mühüm mərhələlərdən biridir.

Tolqa Demir əlavə edib ki, XRG ABŞ-də Rio Grande LNG və Argentina LNG layihələrində, Misirdə bp ilə Zohr və Apollo yataqlarının işlənməsində, Mozambikdə ENI ilə Coral Sul layihəsində, həmçinin Türkmənistanda Petronas ilə əməkdaşlıq edir.

O qeyd edib ki, şirkətin bütün investisiyaları uzunmüddətli kapital, strateji tərəfdaşlıqlar və yüksək keyfiyyətli aktivlərə əsaslanır.

"Azərbaycan bizim üçün strateji mərkəzdir və SOCAR uzunmüddətli strateji tərəfdaşımızdır", - deyə Tolqa Demir əlavə edib.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. “Abşeron” yatağının karbohidrogen ehtiyatları 303 milyard m³ qaz və 100 milyon ton kondensat təşkil edir.

Yatağın istismarına 2023-cü ildə başlanılıb. Layihənin operatoru JOCAP-dır.

Xəbər lenti

Xəbər lenti