Azərbaycanın enerji siyasəti yeni mərhələyə qədəm qoyub - RƏY

Siyasət Materials 2 İyun 2026 13:56 (UTC +04:00)
Azərbaycanın enerji siyasəti yeni mərhələyə qədəm qoyub - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji strategiyasının və beynəlxalq nüfuzunun aydın mənzərəsini ortaya qoyur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın enerji siyasətinin təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında formalaşıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub:

“Xəzər Neft və Qaz Sərgisindən başlayaraq qlobal miqyasda nüfuzlu platformaya çevrilən Bakı Enerji Həftəsi ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri Azərbaycanın təbii sərvətlərdən səmərəli istifadə etməklə əldə etdiyi uğurlardır. Vaxtilə iqtisadi və siyasi çətinliklərlə üzləşən, enerji daşıyıcılarını idxal edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Bu, düşünülmüş dövlət siyasətinin, milli maraqlara əsaslanan strateji qərarların və beynəlxalq əməkdaşlığın uğurlu nəticəsidir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt ölkəmizin qlobal enerji xəritəsində tutduğu strateji mövqenin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, TANAP və TAP kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyan təşəbbüslərdir”.

Deputatın sözlərinə görə, çıxışda diqqət çəkən mühüm məqamlardan biri də enerji siyasətinin ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrin xüsusi qeyd olunmasıdır: “Vaxtilə 50 faizdən çox olan yoxsulluğun 5 faizə qədər azalması, xarici borcun minimum səviyyəyə endirilməsi, maliyyə ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycanın əldə etdiyi uğurların bariz göstəricisidir. Bu nailiyyətlər enerji gəlirlərinin düzgün idarə olunmasının və onların insan kapitalına, təhsilə, səhiyyəyə və infrastruktur layihələrinə yönəldilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yalnız ənənəvi enerji resurslarının ixracatçısı deyil, eyni zamanda yaşıl enerji keçidinin fəal iştirakçısıdır. Günəş, külək və hidroenerji sahələrində həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır”.

A.Həsənova qeyd edib ki, çıxışda Azərbaycanın beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyət sahəsində əldə etdiyi uğurlar da xüsusi önəm daşıyır:

“Enerji və nəqliyyat dəhlizlərinin yaradılması, regional əməkdaşlıq platformalarının təşəkkülü ölkəmizin etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın iqtisadi qüdrətinin artmasına, milli təhlükəsizliyinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar isə ölkəmizin qlobal enerji təhlükəsizliyinə töhfələrinin gələcəkdə daha da artacağını göstərir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti