Bakı.Trend:
Xəzər regionunda həyata keçirilən layihələr uzunmüddətli infrastruktur və texnoloji baza formalaşdırır.
Trend xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geoloji kəşfiyyat üzrə vitse-prezidenti Den Sparks Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Xəzər hövzəsində layihələrin icrası təkcə hasilatın təmin olunması və infrastrukturun inkişafını deyil, həm də uzunmüddətli texnoloji və istehsal imkanlarının formalaşdırılmasını, o cümlədən istehsal sahələrinin və insan kapitalının inkişafını təmin edir.
D. Sparks qeyd edib ki, “Qarabağ” layihəsi Xəzər regionunda sualtı modulların (subsea bundles) istehsalı üzrə dünyada ikinci kompleksin yaradılmasını nəzərdə tutur.
O bildirib ki, bu cür modullar bir neçə boru kəməri xətti və kommunikasiyaları vahid blokda birləşdirməyə imkan verir və onlar xüsusi boru döşəmə gəmilərinə ehtiyac olmadan daşınaraq quraşdırıla bilir.
“Regionda texnoloji imkanların inkişafı davam edir, o cümlədən sənaye üçün mühüm faktor olan yeni seysmik metodların tətbiqi genişlənir”, – deyə o bildirib.
