Bakı. Trend:
"Günəşli" yatağında 4–6 trilyon kub fut qaz ehtiyatının olduğu ehtimal edilir.
Trend xəbər verir ki, bunu BP-nin (British Petroleum) hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı dünyanın ən iri neft yataqlarından biridir və istismara verildiyi vaxtdan indiyədək 4 milyard bareldən çox neft hasil edilib. Onun sözlərinə görə, bu layihə texnologiya və innovasiyaların tətbiqi baxımından böyük uğur hekayəsidir.
Qordon Birrel qeyd edib ki, hazırda yataqda neft layının həm üstündə, həm də altında qaz ehtiyatlarının aşkar edilməsi yeni imkanlar açır və bu qazın hasilatı ilə bağlı SOCAR və Azərbaycan hökuməti ilə razılıq əldə olunub.
"Qaz ehtiyatları yatağın iki əsas hissəsində — "Günəşli" və "Azəri" bloklarında mövcuddur və hər iki istiqamət üzrə ehtiyatların həcmi ilə bağlı hələ də müəyyən qeyri-müəyyənliklər qalır. İlkin hasilat quyusunun əsas məqsədi yeraltı dinamik məlumatların toplanması və ehtiyatlarla bağlı qeyri-müəyyənliyin azaldılmasıdır".
O əlavə edib ki, hazırkı qiymətləndirmələrə əsasən, yalnız "Günəşli" sahəsində qaz ehtiyatlarının 4–6 trilyon kubfut diapazonunda olduğu ehtimal edilir, lakin “Azəri” hissəsi üzrə hələ ki, dəqiq qiymətləndirmə aparılmayıb və proses ilkin mərhələdədir.
Qordon Birrel vurğulayıb ki, bu yeni qaz potensialı AÇG yatağının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
