Bakı. Trend:
“Bahar” layihəsi tam rəqəmsal yanaşma və süni intellektlə işlənən flaqman enerji aktivi olacaq.
Trend xəbər verir ki, bunu SLB korporasiyasının İnteqrasiya üzrə Baş vitse-prezidenti Gökhan Yarım Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, “Bahar” layihəsi şirkət üçün strateji və flaqman layihələrdən biridir və ilkin mərhələdən etibarən tam rəqəmsal imkanlara malik bir aktiv kimi dizayn edilib.
Gökhan Yarımın sözlərinə görə, layihə çərçivəsində hasilat zəncirinin hər bir mərhələsi — lay süxurlarından başlayaraq hasilat boru kəmərlərinə qədər — rəqəmsal texnologiyalar vasitəsilə izlənilə biləcək şəkildə qurulub: “Bahar” layihəsində ən müasir seysmik tədqiqat alətlərindən və süni intellekt texnologiyalarından istifadə olunaraq müxtəlif layların müəyyənləşdirilməsi təmin edilib:
"Bu yanaşma qazma quyularının planlaşdırılması, yerləşdirilməsi və istiqamətləndirilməsi prosesində mühüm rol oynayıb".
O əlavə edib ki, layihədə maili və horizontal quyuların qazılması, həmçinin müvafiq tamamlanma texnologiyalarının seçilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu yanaşma təkcə quyuların qazılmasını deyil, eyni zamanda aktivin bütün həyat dövrünün planlaşdırılmasını əhatə edib.
SLB rəsmisi vurğulayıb ki, əsas məqsəd yatağın maksimum bərpa əmsalı ilə işlənməsini təmin etmək və həm ikinci, həm də üçüncü mərhələ bərpa imkanlarını nəzərə almaqdır.
Gökhan Yarım bildirib ki, “Bahar” layihəsi SOCAR-ın yerli təcrübəsi ilə SLB-nin qlobal bilik və texnologiyalarının birləşməsinin uğurlu nümunəsidir.
O, layihə çərçivəsində əməkdaşlıq üçün yaradılan imkanlara görə təşəkkürünü ifadə edərək, “Bahar”ın gələcək nəticələrinin Azərbaycanın və regionun enerji sektoruna mühüm töhfə verəcəyinə inandığını bildirib.
