Bakı. Trend:
Müasir texnologiyalar sayəsində neft yataqlarında hasilat əmsalı 50 faizdən, qaz yataqlarında isə 70 faizdən yuxarı ola bilər.
Trend xəbər verir ki, bunu “ExxonMobil” şirkətinin Qlobal Kəşfiyyat üzrə vitse-prezidenti Con Ardil Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, “ExxonMobil” 145 ildən artıq tarixə malik qlobal enerji şirkəti olaraq bütün növ karbohidrogen resurslarının inkişafı ilə məşğuldur. Con Ardil bildirib ki, şirkət xüsusilə qeyri-ənənəvi resurslar sahəsində fəaliyyətini son onilliklərdə daha da genişləndirib.
Vitse-prezident qeyd edib ki, ABŞ-də 1980–1990-cı illərdə horizontal qazma və hidravlik parçalanma texnologiyalarının inkişafı ilə başlayan proses daha sonra digər hövzələrə də yayılıb. “ExxonMobil” bu istiqamətdə təxminən 20 il əvvəl strateji mövqe qəbul edib və həmin vaxtdan etibarən qeyri-ənənəvi resurslara yatırımlarını mərhələli şəkildə artırır.
Şirkət nümayəndəsi bildirib ki, bu sahədə əldə olunan nəticələr xüsusilə ABŞ-də böyük dəyişikliklərə səbəb olub. Onun sözlərinə görə, 2005-ci ildə ABŞ dünyanın ən böyük neft və qaz idxalçısı olduğu halda, bu gün əsas istehsalçı ölkəyə çevrilib və bu artımın böyük hissəsi qeyri-ənənəvi resurslar hesabına baş verib.
Con Ardil vurğulayıb ki, hazırkı mərhələdə Perm hövzəsində gündəlik 1,6 milyon barrelə yaxın hasilat həyata keçirilir və bu göstəricinin yaxın dövrdə 1,8 milyon barrelə çatdırılması planlaşdırılır: "Bu təcrübə göstərir ki, texnoloji inkişafın sürətlənməsi ilə dəyişikliklərin baş vermə müddəti də qısalır. Əgər əvvəl bu transformasiya 20 il çəkirdisə, hazırda 5–10 il ərzində baş verə bilər".
Şirkət rəsmisi qeyd edib ki, dərin dəniz layihələri də bu tendensiyanın nümunəsidir və Qayana kimi regionlar Anqolanı geridə qoyaraq yeni rekordlar müəyyənləşdirir.
Onun sözlərinə görə, qeyri-ənənəvi resursların inkişafı üçün üç əsas amil vacibdir: uyğun geoloji mühit, texnoloji imkanlar və əlverişli kommersiya şərtləri.
Con Ardil bildirib ki, müasir texnologiyalar sayəsində neft yataqlarında hasilat əmsalı 50 faizdən, qaz yataqlarında isə 70 faizdən yuxarı ola bilər: "Hazırda Perm hövzəsində bu göstərici 68 faiz civarındadır, lakin gələcəkdə texnologiyaların inkişafı ilə bu rəqəmin daha da artırılması gözlənilir".
O əlavə edib ki, hasilatın artırılması yataqların ömrünü əhəmiyyətli dərəcədə uzada bilər və bu, şirkətlərin beynəlxalq miqyasda fəaliyyət strategiyasına da təsir göstərir.
“Biz bu süxurlara həm mövcud, həm də inkişaf etdirilən texnologiyalar prizmasından baxırıq. Məqsəd hasilat səmərəliliyini artırmaq və uzunmüddətli dəyər yaratmaqdır”, – deyə “ExxonMobil” rəsmisi vurğulayıb.
