Bakı Enerji Həftəsi çərçivəsində ESCO investisiyaları müzakirə edilib (FOTO)

Energetika Materials 2 İyun 2026 14:07 (UTC +04:00)
Bakı Enerji Həftəsi çərçivəsində ESCO investisiyaları müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyinin təşəbbüsü ilə 31-ci Bakı Enerji Həftəsi çərçivəsində “Enerji səmərəliliyi və ESCO investisiyaları platforması: Qlobal ESCO təcrübəsilə Azərbaycanın iri enerji istehlakçıları arasında əməkdaşlıq körpüsü” mövzusunda tədbir təşkil edilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, özəl sektor təmsilçilərinin və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi enerji servis şirkətləri (Energy Service Company - ESCO) modelinin Azərbaycanda enerji səmərəliliyinin artırılması üçün effektiv investisiya və institusional mexanizm kimi təşviq edilməsi, beynəlxalq təcrübənin konkret layihələrə çevrilməsi və beynəlxalq ESCO şirkətləri ilə ölkənin iri enerji istehlakçıları arasında birbaşa dialoqun qurulması olub.

Energetika nazirinin müavini Elnur Soltanov enerji səmərəliliyinin ölkənin enerji siyasətində mühüm yer tutduğunu vurğulayaraq, bu sahədə beynəlxalq ESCO təcrübəsinin öyrənilməsinin və tətbiqinin əhəmiyyətini qeyd edib. Nazir müavini Azərbaycanda 500-ə yaxın iri enerji istehlakçısının olduğunu vurğulayaraq, özəl investisiya əsaslı enerji səmərəliliyi tədbirlərinin həm istehlakçı, həm investor, həm də ölkə üçün faydalı olacağını bildirib.

“SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə ADSEA-nın dekarbonizasiyasi üzrə Yol xəritəsinin hazırlandığını, sözügedən qurumda beynəlxalq təcrübəyə əsasən 25 faizə qədər enerji səmərəliliyinə nail oluna biləcəyini qeyd edib.

Daha sonra Türkiyənin Enerji Səmərəliliyi və İdarəetmə Assosiasiyası, “Honeywell”, ABB, “Europower Energy”, “Boston Consulting Group”, “Rapid Solutions”, “Energazer, “Azəralüminium” MMC, “Azərsun” Holdinq, Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri çıxış ediblər.

Çıxışlarda enerji səmərəliliyinə nail olunmasının iqtisadi rəqabət qabiliyyətliliyinin artırılması, enerji xərclərinin azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və istixana qazı emissiyalarının azaldılması baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ESCO şirkətləri tərəfindən tətbiq edilən performans əsaslı maliyyələşdirmə mexanizmləri enerji istehlakçılarının ilkin böyük investisiya qoyuluşu etmədən enerji səmərəliliyi layihələrini həyata keçirməsinə imkan yaradır. Belə ki, ESCO şirkətləri enerji səmərəliliyi tədbirlərini maliyyələşdirir, öz investisiyalarını əldə olunan enerji qənaəti hesabına geri qaytarırlar.

Müzakirələr zamanı ölkədə enerji səmərəliliyi sahəsində formalaşdırılmış qanunvericilik bazası, enerji auditləri və enerji idarəçiliyi istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanda ESCO bazarının inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində tədbirlər davam etdirilir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə hədəflər sırasındadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti