AÇG inteqrasiya olunmuş neft-qaz aktivi kimi əhəmiyyətini daha da gücləndirib – GECF

Energetika Materials 4 Avqust 2026 11:41 (UTC +04:00)
AÇG inteqrasiya olunmuş neft-qaz aktivi kimi əhəmiyyətini daha da gücləndirib – GECF
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı inteqrasiya olunmuş neft-qaz aktivi kimi əhəmiyyətini daha da gücləndirib.

Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, bp-nin məlumatına görə, Azərbaycanın Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında qeyri-səmt qazının kommersiya hasilatına başlanılıb. “Təxminən 30 ilə yaxındır neft hasil edilən AÇG yatağında bərpa oluna bilən qeyri-səmt qaz ehtiyatları 115 milyard kubmetr (4 trilyon kubfut) həcmində qiymətləndirilir və bu göstəricinin 6 trilyon kubfuta qədər artmaq potensialı var. İlk quyu Xəzərin Azərbaycan sektorundakı mövcud Qərbi Çıraq platformasından qazılıb və bununla da AÇG inteqrasiya olunmuş neft-qaz aktivi kimi əhəmiyyətini daha da gücləndirib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, 1994-cü il 20 sentyabr tarixində imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş əsasında AÇG-nin istismarına başlanılıb.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının inkişafı istiqamətində də yeni mərhələyə hazırlıq görülür. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə bildirib ki, AÇG-nin dərin laylarında aşkar edilmiş yeni neft həlqəsindən hasilata bu ilin sentyabr ayında başlanılması planlaşdırılır.

O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.

“Əvvəldən bu ərazidə neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb. Buna görə də neft həlqəsindən hasilata başlamaq və real göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb. Bu quyu vasitəsilə həm də neft həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə ediləcək”, - o qeyd edib.

Cio Kristofoli bildirib ki, hasilatın sentyabr ayında başlanması planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti