Bakı. Trend:
Avqustun 15-də Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.
Bu barədə “Bakı Metropoliteni“ QSC məlumat yayıb.
Xətlərin ayrılması layihəsi Bakı metropoliteninin gələcək inkişafı üçün strateji zərurət olduğu vurğulanıb.
Qeyd edək ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: Qırmızı, Yaşıl və Bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır.
“Bakı Metropoliteni“ QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində Qırmızı və Yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.
Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli kimi Yaşıl və Qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsi görülür.
Tikinti müddətində “Nizami” stansiyası Yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:
- "Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək Qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;
- “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək Yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.
- İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir.
