"ITOCHU" Azərbaycanda SOCAR ilə yeni birgə biznes imkanlarını nəzərdən keçirir (ÖZƏL)

Energetika Materials 4 Avqust 2026 14:30 (UTC +04:00)
"ITOCHU" Azərbaycanda SOCAR ilə yeni birgə biznes imkanlarını nəzərdən keçirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın "ITOCHU" korporasiyası Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycanda yeni birgə biznes imkanlarını nəzərdən keçirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "ITOCHU"dan bildirilib.

Şirkət SOCAR-ın "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində "ITOCHU"ya məxsus 3,65%-lik iştirak payını əldə etməsinə münasibət bildirib və qeyd edib ki, sözügedən əməliyyat şirkətin aktivlərin yenidən dövriyyəyə cəlb edilməsi (asset recycling) strategiyası çərçivəsində həyata keçirilib.

"Bu satış aktivlərin yenidən dövriyyəyə cəlb edilməsi (asset recycling) strategiyamız çərçivəsində həyata keçirilib. Bu əməliyyat vasitəsilə SOCAR ilə tərəfdaşlığımızı daha da möhkəmləndirməyi, həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanları yaratmağı hədəfləyirik", - deyə şirkətdən bildirilib.

AÇG layihəsindəki iştirak payını satmasına baxmayaraq, "ITOCHU" Azərbaycanda yeni investisiya imkanlarını araşdırmaq niyyətində olduğunu da təsdiqləyib.

"Azərbaycan "ITOCHU" üçün mühüm bazar olaraq qalır. Gələcəkdə biz yalnız upstream (kəşfiyyat və hasilat) sahəsində deyil, digər istiqamətlərdə də ölkədə müxtəlif investisiya imkanlarını araşdırmağa davam edəcəyik. SOCAR ilə güclənən əməkdaşlığımızdan istifadə edərək Azərbaycanda birgə yeni biznes imkanlarını inkişaf etdirməyi və reallaşdırmağı qarşıya məqsəd qoyuruq", - deyə şirkətin cavabında qeyd olunub.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə "ITOCHU" korporasiyasına məxsus iştirak payını alıb.

Bildirilib ki, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Alqı-satqı prosesinə qədər "Itochu" korporasiyası AÇG layihəsində 3,65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31,65%-dən 35,3%-ə çatıb.

Qeyd edək ki, hazırda AÇG-də iştirak payları: BP (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), "ExxonMobil" (6,79%), TPAO (5,73%), "ONGC Videsh" (2,92%) təşkil edir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir:

"Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə "Itochu" korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək".

"ITOCHU" korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada bildirib ki, "ITOCHU" 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub: "AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm "Itochu"nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış "ITOCHU"nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan "Itochu"nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti