Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və energetikanı Avropanın əsas problemləri adlandırıb.
"Avropanı məhv edən iki amil var. Birincisi miqrasiyadır. İkincisi isə energetikadır", - deyə Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib və qeyri-qanuni miqrant axınının dayandırılmasına çağırış edib.
Energetika sahəsindəki problemlərə nümunə kimi ABŞ prezidenti Böyük Britaniyanı göstərib. Onun sözlərinə görə, ölkə dünyanın ən zəngin enerji mənbələrindən biri olan Şimal dənizinə malik olsa da, hansısa səbəbdən enerji resurslarını Norveçdən almaqda davam edir və bununla özünü "iflasa sürükləyir".
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək İspaniyanın muxtar Seuta şəhərinə çatmağa, həmçinin şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçməyə müvəffəq olub.
Mərakeş Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, muxtar şəhərin sərhədini keçmək istəyərkən 11 nəfər həlak olub, Seutaya daxil olmağa müvəffəq olan qeyri-qanuni miqrantların sayı isə təxminən 40 min nəfər təşkil edib.
İspaniya hökumətinin məlumatına görə isə Seuta ərazisinə çatmağa cəhd edərkən azı 72 nəfər həyatını itirib.
