Bakı. Trend:
İyun ayında ilk dəfə 1 trilyon dollar həddini aşan Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın sərvəti cəmi bir neçə həftə ərzində kəskin azalıb.
İyunun 12-də SpaceX-in birjaya çıxmasından sonra İlon Maskın sərvəti tarixdə ilk dəfə 1 trilyon dollar həddini keçmişdi.
"Bloomberg Billionaires Index"in məlumatına görə, iki aydan da az müddətdə Tesla və SpaceX səhmlərinin ucuzlaşması nəticəsində sahibkarın sərvəti təxminən 684 milyard dollara düşüb. Bu, onun 1,334 trilyon dollarlıq maksimum göstəricisi ilə müqayisədə təxminən 650 milyard dollar azalma deməkdir. Buna baxmayaraq, Mask dünyanın ən varlı insanı statusunu qoruyub saxlayır.
İyun ayında sərvətin sürətlə artmasının əsas səbəbi SpaceX-in Nasdaq birjasında listinqə daxil olması idi. İlon Mask aerokosmik şirkətin təxminən 42 faizinə nəzarət edir və IPO-dan sonra şirkətin bazar dəyərinin kəskin artması onun sərvətini də yüksəltmişdi.
Mask fevral ayında X sosial şəbəkəsində yazmışdı ki, onun "xalis sərvəti demək olar ki, tamamilə Tesla və SpaceX səhmlərindən ibarətdir", nağd vəsait isə ümumi sərvətinin 0,1 faizindən də azdır.
Lakin sonradan SpaceX səhmləri korreksiya mərhələsinə daxil olub. Birjadakı ilk günlərin yüksək optimizmindən sonra investorlar şirkətin qiymətləndirilməsini aşağı salmağa başlayıblar.
İyulun 16-da Starship raketinin uğursuz sınaq buraxılışı bu prosesi daha da sürətləndirib. Uğursuz uçuşdan sonra SpaceX səhmlərinin qiyməti yenidən aşağı düşüb və təkcə bu hadisə İlon Maskın sərvətini 45 milyard dollardan çox azaldıb.
Son altı həftə ərzində SpaceX səhmləri 32,67 faiz ucuzlaşıb. İyunun 12-də 200 dollardan yuxarı olan qiymət avqustun 3-də günorta saatlarında 108,37 dollara enib.
Sərvətin azalmasına Tesla da ciddi təsir göstərib. Avtomobil istehsalçısının səhmləri son aylarda zəifləyib və bu da şirkətin 11-12 faiz səhmlərinə sahib olan Maskın sərvətindən on milyardlarla dollar silib.
Son altı ay ərzində Tesla səhmləri 26,25 faiz dəyər itirərək mayın 11-dəki təxminən 445 dollardan avqustun 3-də 311,21 dollara düşüb.
Mask vəziyyətə zarafatla reaksiya verib
Sərvətinin sürətlə azalmasına İlon Mask yumorla yanaşıb. O, iyulun 24-də X platformasında qısa paylaşım edərək sadəcə "(Keçmiş) trilyonçu" yazıb və bununla bir neçə həftə əvvəl əldə etdiyi statusu itirməsinə eyham vurub.
Bütün bunlara baxmayaraq, Mask hələ də dünyanın ən zəngin insanıdır. "Bloomberg Billionaires Index"ə əsasən, onun sərvəti hazırda 684 milyard dollar qiymətləndirilir.
Reytinqdə ikinci yerdə 305 milyard dollar sərvətlə Google-un həmtəsisçisi Larri Peyc, üçüncü yerdə isə 290 milyard dollar sərvətlə Amazon-un qurucusu Ceff Bezos qərarlaşıb.
İlon Maskın sərvətinin böyük hissəsi Tesla və SpaceX səhmlərindən ibarət olsa da, o, həmçinin süni intellekt startapı xAI ilə birləşdirilmiş X sosial şəbəkəsinin, neyrotexnologiyalar sahəsində fəaliyyət göstərən Neuralink şirkətinin və tunel infrastrukturunun inkişafı ilə məşğul olan The Boring Company-nin də sahibidir.
