Dövlət Komitəsi şəhid ailəsi üzvünün video müraciətinə münasibət bildirib

Cəmiyyət Materials 4 Avqust 2026 16:18 (UTC +04:00)
Dövlət Komitəsi şəhid ailəsi üzvünün video müraciətinə münasibət bildirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılan video müraciəti ilə bağlı açıqlama yayıb.

Komitə vətəndaşın bütün müraciətlərinə hər zaman həssaslıqla yanaşıldığını, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərildiyini bildirib.

Qeyd olunub ki, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilə bilməz.

Komitənin məlumatına görə, vətəndaşın ailəsi Almalı kəndinə köçürülmənin birinci mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilməyib və bu səbəbdən şəhid ailələri üçün nəzərdə tutulmuş mənzillərin seçimində iştirak etməyib. Həmin mərhələdə keçirilən püşkatma nəticəsində sözügedən ev qanuni əsaslarla başqa ailəyə verilib və qüvvədə olan qaydalara əsasən, sonradan həmin evin geri alınaraq digər şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil.

Açıqlamada bildirilib ki, Orucova Ziba Malik qızı və ailə üzvləri müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusları nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə yararlanıblar. Belə ki, ailə üzvləri Bakı, Ağcabədi və digər ərazilərdə mənzillərlə təmin olunub, bir neçə ailə üzvünə Abşeron rayonunda fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılıb.

Komitə vurğulayıb ki, Orucova Ziba Malik qızının Xocalının Almalı kəndinə köçürülməsi məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaq. Bildirilib ki, bu barədə ona 23 iyun 2026-cı ildə Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı hüquqi izahat verilib.

Dövlət Komitəsi, həmçinin video müraciətdə səsləndirilən qəbul zamanı guya hörmətsizlik və kobud rəftar göstərilməsi ilə bağlı iddiaların aparılmış araşdırma zamanı öz təsdiqini tapmadığını qeyd edib.

Açıqlamada əlavə olunub ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq, obyektivlik və sosial ədalət prinsipləri əsasında həyata keçirilir. Dövlət Komitəsi vətəndaşları proqramla bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə və faktlara əsaslanan informasiyalara etibar etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti