Azərbaycan-İsveçrə münasibətlərində yeni mərhələ: Kassisin səfəri hansı imkanları açır?

Siyasət Xəbər 4 Avqust 2026 18:15 (UTC +04:00)
Azərbaycan-İsveçrə münasibətlərində yeni mərhələ: Kassisin səfəri hansı imkanları açır?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə Konfederasiyası Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri təkcə diplomatik protokol hadisəsi deyil, həm də Bakı ilə Bern arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən siyasi siqnal kimi qiymətləndirilə bilər. Səfər ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, ATƏT-in Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlara yanaşmasının praktik müstəvidə qiymətləndirilməsi baxımından da diqqət çəkir.

Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rizvan Nəbiyevin sözlərinə görə, Kassisin səfəri “Azərbaycan-İsveçrə münasibətlərinə yeni siyasi impuls verən, qarşılıqlı etimadı gücləndirən və əməkdaşlıq istiqamətlərini genişləndirən mühüm diplomatik hadisə” kimi qiymətləndirilə bilər.

Səfər xüsusilə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatmasından sonra təşkilatın regionla bağlı yeni yanaşmasının formalaşdığı dövrə təsadüf edir. Bu kontekstdə Bakıya səfər Cənubi Qafqazda münaqişə sonrası mərhələdə sülh, sabitlik və regional əməkdaşlıq gündəliyinin beynəlxalq platformalarda daha çox diqqət mərkəzinə çıxarıldığını göstərir. Yeni siyasi reallıqlar fonunda ATƏT-in fəaliyyətini münaqişənin idarə olunmasından daha çox etimadın möhkəmləndirilməsi və əməkdaşlığın təşviqi istiqamətinə yönəltməsi gözlənilir.

Paralel olaraq, Azərbaycanın son illərdə artan geoiqtisadi çəkisi İsveçrə ilə münasibətlərə də yeni məzmun qazandırır. Orta Dəhlizin inkişafı, ölkənin Avropa ilə Asiyanı birləşdirən əsas tranzit qovşaqlarından birinə çevrilməsi, enerji ixracı və nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi Avropa dövlətlərinin, o cümlədən İsveçrənin Azərbaycana marağını artıran əsas amillər sırasındadır. Dənizə çıxışı olmayan İsveçrə üçün alternativ və şaxələndirilmiş ticarət marşrutlarının inkişafı xüsusi strateji əhəmiyyət daşıyır.

İqtisadi münasibətlər də yeni inkişaf mərhələsinə keçmək potensialına malikdir. Hazırda əməkdaşlıq əsasən enerji sektorunda cəmləşsə də, Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti, Ələt Azad İqtisadi Zonası, sənaye parkları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, eləcə də tranzit imkanlarının genişlənməsi İsveçrə biznesi üçün əlavə investisiya imkanları yaradır. Bu isə tərəfdaşlığın innovasiya, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, maliyyə xidmətləri, logistika, biotexnologiya və süni intellekt kimi sahələrə doğru genişlənməsini mümkün edir.

Bununla yanaşı, yaşıl maliyyələşdirmə, bankçılıq, peşə təhsili və insan kapitalının inkişafı istiqamətində İsveçrənin təcrübəsi Azərbaycan üçün əlavə əməkdaşlıq platformaları formalaşdırır. Birgə tədqiqat mərkəzləri, texnologiya transferi proqramları, innovasiya laboratoriyaları və tətbiqi elmi layihələr iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə töhfə verə bilər.

Deputatın fikrincə, “gələcək mərhələdə Azərbaycan-İsveçrə iqtisadi münasibətlərinin əsas inkişaf xətti ənənəvi enerji əməkdaşlığından innovasiya, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, logistika, maliyyə xidmətləri və insan kapitalının inkişafına doğru genişlənəcək”.

Beləliklə, Kassisin Bakıya səfəri yalnız mövcud siyasi dialoqun davamı deyil, həm də Azərbaycan-İsveçrə münasibətlərinin daha çox iqtisadi, texnoloji və strateji məzmun qazanmasına xidmət edən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu tendensiya ikitərəfli əlaqələrin ənənəvi enerji əməkdaşlığından daha geniş və yüksək əlavə dəyər yaradan tərəfdaşlıq modelinə transformasiyasını sürətləndirə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti