Bakı. Trend:
2029-cu ilin aprelində nəhəng "99942 Apophis" asteroidi Yer kürəsinin çox yaxın məsafəsindən keçəcək.
Bu barədə "The Planetary Science Journal" jurnalında dərc olunan araşdırmada bildirilib.
Məlumata görə, İtaliya Milli Tədqiqat Şurasının (CNR) tədqiqatçıları "Apophis"in uçuş trayektoriyasını və geostasionar orbitdə (GEO) yerləşən insan mənşəli kosmik tullantıları modelləşdiriblər.
Alimlər asteroidin Yer üçün heç bir təhlükə yaratmadığını vurğulasalar da, Yer ətrafında toplanmış kosmik tullantılarla toqquşma ehtimalının mövcud olduğunu müəyyən ediblər.
Qeyd olunub ki, belə bir toqquşma "Apophis"in orbitini dəyişməyəcək və Yer üçün yeni təhlükə yaratmayacaq. Lakin bu cür təmas asteroidin səthində kiçik krater əmələ gətirə və toz buludunun yaranmasına səbəb ola bilər.
Avropa Kosmik Agentliyinin (ESA) "RAMSES" və NASA-nın "OSIRIS-APEX" kosmik aparatlarının yaxın keçid zamanı Yerin cazibə qüvvəsinin asteroidə təsirini, səth sürüşmələrini və mümkün seysmik hərəkətləri araşdıracağı bildirilir.
