Bakı.Trend:
Azərbaycan bazarında “Android” əməliyyat sisteminin payı artıb.
“Global Stats Statistika Mərkəzinin” məlumatına görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, “Android” əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 5,74 faiz bəndi artaraq 60,34 faizə çatıb.
Qeyd olunur ki, "Android" Azərbaycanın əməliyyat sistemləri bazarında liderliyini qoruyub saxlayıb. Populyarlığına görə ikinci yeri “Microsoft Windows” tutub. Bu əməliyyat sisteminin payı əvvəlki ayla müqayisədə 5,71 faiz bəndi azalaraq 26 faizə enib.
Üçüncü yerdə isə bazar payı 10,12 faiz olan iOS qərarlaşıb. İyun ayı ilə müqayisədə bu göstərici 0,03 faiz bəndi artıb.
“Global Stats”ın məlumatına görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, “Android” dünya üzrə əməliyyat sistemləri bazarında da liderliyini qoruyub saxlayıb. İkinci yeri “Microsoft Windows”, üçüncü yeri isə iOS tutub.
Qeyd edək ki, “Android”in rəsmi saytında dərc olunan məlumata əsasən, “Google” şirkəti dəstəklənən “Pixel” cihazlarının əksəriyyəti üçün Android 17-ni rəsmi olaraq istifadəyə verib. Şirkətin məlumatına görə, yeni əməliyyat sistemi versiyası yaxın aylarda digər istehsalçıların yeni cihazlarında da əlçatan olacaq.
