ABŞ-də Ohayo sakini eyni gündə iki uduşlu lotereya bileti qazanıb

Dünya xəbərləri Materials 4 Avqust 2026 01:40 (UTC +04:00)
ABŞ-də Ohayo sakini eyni gündə iki uduşlu lotereya bileti qazanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Ohayo ştatının Toledo şəhərində yaşayan bir nəfər eyni gündə iki uduşlu poz-qazan bileti alaraq təxminən yarım milyon dollar qazanıb.

Bu barədə Ohayo Ştat Lotereyası məlumat yayıb.

Məlumata görə, iyulun 27-də kişi daim alış-veriş etdiyi mağazadan hər biri 50 dollar dəyərində olan iki ədəd "Millionaire Blowout" poz-qazan bileti alıb. Bu lotereyada iştirakçılar 75 dollardan 1 milyon dollara qədər mükafat qazana bilirlər.

İlk bileti pozarkən o, 25 il ərzində hər il 40 min dollar, ümumilikdə isə 1 milyon dollar məbləğində uduş qazandığını öyrənib. Qalib bu məbləği birdəfəlik ödəmə şəklində almağa üstünlük verib və nəticədə 500 min dollar seçib. Dövlət və federal vergilər (26,75 faiz) tutulduqdan sonra ona 366 min 250 dollar ödəniləcək.

Şansının gətirdiyini düşünən kişi daha bir bilet alıb. Həmin bilet də uduşlu çıxıb və vergilərdən sonra ona əlavə olaraq 18 min 312,5 dollar qazandırıb.

Beləliklə, ABŞ sakini vergilər çıxıldıqdan sonra ümumilikdə 384 min 562,5 dollar əldə edib.

Qalib bildirib ki, qazandığı vəsait hesabına məzuniyyətini uzatmağı, yeni avtomobil almağı, övladlarına hədiyyələr etməyi və qalan pulu bankda yerləşdirməyi planlaşdırır.

"Bunun inanılmaz olduğunu düşünürəm. Bu, insanın həyatını dəyişən bir uduşdur və bundan daha xoşbəxt ola bilməzdim", - deyə biletlərin alındığı mağazanın əməkdaşlarından biri bildirib.

Onun sözlərinə görə, bu qələbə təkcə qalib üçün deyil, bütün Toledo icması üçün də əlamətdar hadisədir.

"Bu, hər kəs üçün qələbədir. Bu, həm də şəhərimiz üçün qələbədir. Bu göstərir ki, Toledoda da böyük uduş qazanmaq mümkündür", - deyə o, Klivlendin WKYC telekanalına bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti