Azərbaycan banklarının xalis aktivləri artıb

İqtisadiyyat Materials 4 Avqust 2026 17:26 (UTC +04:00)
Azərbaycan banklarının xalis aktivləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 31,217 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalarına əsasən, bu, aylıq müqayisədə 1,128 milyard manat və ya 3,7 %, ötən ilin iyulun 1-nə nisbətən isə 5,094 milyard manat 19,5% çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 21,707 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 295,6 milyon manat və ya 1,4% çox, ötən ilin iyulun 1-nə nisbətən isə 637,4 milyon manat və ya 2,8% azdır.

Beləliklə, bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 9,509 milyard manat və ya 1,4 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 60,940 milyard manat, cəmi öhdəlikləri 53,295 milyard manat, balans kapitalı 7,646 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Azərbaycan bank sektorunda xarici aktivlərin artımı fonunda AMB rəhbərliyi bank sisteminin maliyyə dayanıqlığının yüksək səviyyədə qaldığını və monetar siyasətin mövcud kursunun dəyişdirilməsinə ehtiyac olmadığını bildirir.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında qeyd edib ki, hazırda qurumun "B planı"na keçməsini zəruri edən hər hansı əsas mövcud deyil.

"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", – deyə AMB sədri bildirib.

Onun sözlərinə görə, bütün mərkəzi banklar müxtəlif ssenarilər üzrə fəaliyyət planları hazırlayır və uğurlu monetar siyasətin əsas şərtlərindən biri dəyişən iqtisadi şəraitə operativ reaksiya verməkdir.

"Hazırda həyata keçirilən monetar siyasətin orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcəyinə inanırıq", – deyə T.Kazımov əlavə edib.

AMB sədri bank sektorunun kreditləşməni genişləndirmək üçün kifayət qədər maliyyə resurslarına malik olduğunu da vurğulayıb. Onun sözlərinə görə, məcburi ehtiyatlar çıxıldıqdan sonra bank sistemində təxminən 6 milyard manat izafi likvidlik mövcuddur və bunun 4,6 milyard manatı kreditləşmə və ya kapitallaşma məqsədilə istifadə oluna bilər.

"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", – deyə AMB sədri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti