Bakı.Trend:
Böyük Britaniyanın Kambriya qraflığının çimərliklərinə meduzaya bənzəyən minlərlə mavi dəniz canlısı çıxıb.
Bu barədə BBC məlumat yayıb.
Yerli sakin Luiza Nikolson bildirib ki, əvvəlcə sirli canlıları yosun hesab edib və onlara toxunmaq istəyib.
"Onlar həqiqətən çox gözəldirlər, təxminən cəmi beş santimetr ölçülərindədirlər", – deyə o əlavə edib.
Sonradan məlum olub ki, Nikolsonun gəzdiyi sahili velellalar (Velella) və ya "yelkənçilər" adlanan dəniz canlıları bürüyüb.
Velella meduzalar və poliplərlə yaxın qohum olan kolonial dəniz canlısıdır. Dənizin dibinə yapışaraq yaşayan əksər poliplərdən fərqli olaraq, velella mavi-bənövşəyi rəngli üçbucaqlı "yelkəni" vasitəsilə suyun səthində sürüklənərək hərəkət edir. O, suya sallanan tentakulları ilə planktonu tutaraq qidalanır.
Çoxalma zamanı isə kiçik meduzalar tumurcuqlayır və onlar sonradan yeni velella koloniyalarının yaranmasına səbəb olur.
