Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı artıb

İqtisadiyyat Materials 3 Avqust 2026 18:27 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 33,881 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülletenində bildirilib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 973 milyon manat və ya 3%, 2025-ci ilin iyulun 1-nə nisbətən isə 3,6 milyard manat və ya 12,1% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 8,430 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 187,9 milyon manat və ya 2,3%, illik müqayisədə isə 981,1 milyon manat və ya 13,2% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 23,391 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 747,6 milyon manat və ya 3,3%, ötən illin iyulun 1-nə olan göstəriciyə nisbətən isə 2,4 milyard manat və ya 11,3% çoxdur.

Bundan başqa, bu ilin iyulun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 2,060 milyard manat olub ki, bu da aylıq müqayisədə 37,2 milyon manat və ya 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 300,1 milyon manat və ya 17% çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,9%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6,1%-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun sözlərinə görə, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.

"2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik", - deyə AMB sədri bildirib.

T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi. 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz səviyyəsində idi.

AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq, Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac yoxdur.

"Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə o bildirib.

Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.

"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.

AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə qarşı alternativ fəaliyyət planları hazırlayır.

"Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcək", - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti