Bakı.Trend:
İtaliyanın "Snam" şirkətinin assosiativ şirkətlərə yatırdığı investisiyalardan əldə etdiyi xalis gəlir, şirkətin 20 faiz paya sahib olduğu TAP qaz kəmərinin töhfəsinin artması hesabına yüksəlib.
Bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, kapitalda iştirak metodu ilə uçota alınan investisiyalardan əldə olunan xalis gəlir 212 milyon avro təşkil edib ki, bu da 2025-ci ilin birinci yarısı ilə müqayisədə 8 milyon avro (+3,9 faiz) çoxdur.
"Hesabat dövründə göstəricinin 2025-ci ilin birinci yarısı ilə müqayisədə 8 milyon avro (3,9 faiz) artması əsasən TAP-ın illik ötürücülük gücünün 1,2 milyard kubmetr artırılmasından sonra onun töhfəsinin yüksəlməsi, həmçinin 2026-cı ilin martında OLT üzərində nəzarətin əldə olunmasından irəli gələn birdəfəlik təsirlərlə bağlıdır", – deyə hesabatda qeyd olunur.
"Snam"ın 2026-cı ilin birinci yarısı üzrə düzəliş edilmiş xalis mənfəəti 733 milyon avro təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon avro (-2,3 faiz) azdır. Birdəfəlik amillər nəzərə alınmadıqda isə mənfəət 2,8 faiz artıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən TAP qaz kəmərinin ötürücülük qabiliyyəti ilə əlavə 1,2 milyard kubmetr artırılıb. Bu günədək Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə ümumilikdə 60 milyard kubmetr qaz nəql olunub.
Hazırda qaz kəmərinin illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də zəruri tənzimləyici icazələrin alınmasından asılı olaraq bu göstərici 20 milyard kubmetrədək artırıla bilər.
Xatırladaq ki, daha əvvəl TAP-ın icraçı direktoru Luka Skieppati Trend-ə verdiyi özəl müsahibədə qaz kəmərinin genişləndirilməsi ilə bağlı yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul edilməsinin gözlənildiyini bildirib.
“Bazar testi bazar iştirakçılarına maraqlarını ifadə etməyə və potensial olaraq uzunmüddətli güc rezervasiyası üzrə öhdəliklər götürməyə imkan verən tənzimlənən bir prosesdir. Bu öhdəliklər layihənin növbəti mərhələyə keçməsi üçün əsas şərtdir, çünki onlar hər hansı genişləndirmənin kommersiya baxımından davamlı və dayanıqlı olduğunu təsdiqləməlidir. Hər bir bazar testi iki mərhələdən ibarətdir: öhdəlik yaratmayan və öhdəlik yaradan mərhələlər”, – deyə o bildirib.
Skiepatti qeyd edib ki, 2025-ci ilin iyul ayında başladılmış 2025-ci il bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.
“Praktik baxımdan bu o deməkdir ki, bazar tərəfindən maraq mövcuddur, lakin proses hələ də davam edir və yekun investisiya qərarı hələ qəbul edilməyib. Yeni güclərə sərmaye yatırılması barədə qərar layihənin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək üçün bazar iştirakçıları tərəfindən kifayət qədər həcmdə uzunmüddətli məcburi öhdəliklərin götürülməsindən asılı olacaq. Növbəti əsas addımlar məsləhətləşmələrin tamamlanmasını, layihə təklifinin yekunlaşdırılmasını və öhdəlik yaradan mərhələyə keçidi əhatə edir. Kifayət qədər öhdəlik olduğu halda güclər bazar iştirakçıları arasında bölüşdürülə və yekun investisiya qərarı qəbul edilə bilər. Hazırda bu yekun mərhələnin 2027-ci ilin birinci rübü ərzində başa çatacağı gözlənilir”, – deyə o izah edib.
