Bakı. Trend:
Akkreditasiya Şurasının qərarı hamıya məlumdur və Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında Trend-in sualını cavablandırarkən bildirib.
Nazir müavini qeyd edib ki, prosesin gedişində hər hansı məsələləri şərh etməyi səmərəli hesab etmir:
"İlk növbədə gözləməliyik ki, proses yekunlaşsın və tələbələrin təhsillərini davam etdirmələri ilə bağlı işlər tamamlansın. Sizin qeyd etdiyiniz məsələlərə də baxılacağını düşünürəm. Nəzərə alsaq ki, həmin heyətin fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin də müvafiq məlumatı olacaq".
Həmin pedaqoji heyətin işlə təmin olunması üçün nazirlik hansısa dəstək mexanizmləri nəzərdə tuturmu sualına cavabında isə nazir müavini bildirib ki, proses yekunlaşmadan açıqlama vermək olmaz:
"Bu qərar cəmi bir həftə əvvəl qəbul olunub. Məsələ açıqlama vermək istəməməkdən ibarət deyil. Əvvəlcə proses yekunlaşmalıdır ki, onun nəticələri ilə bağlı açıqlama verilsin. İşin gedişində açıqlama verib, sonra onu yenidən müzakirə etmək və izah etmək o qədər də faydalı olmaz".
Nazir müavini həmin tələbələrin hansı özəl ali təhsil müəssisələrinə köçürüləcəyini də açıqlamayıb:
"Şübhəsiz ki, bunu yalnız bir universitet vasitəsilə həyata keçirmək mümkün olmayacaq. Hər bir tələbənin hansı ali təhsil müəssisəsinə köçürüləcəyini indidən açıqlamaq isə, səmimi desəm, çox çətindir".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi dünən Bakı Qızlar Universitetinin pedaqoji heyəti ilə bağlı açıqlama yayıb. Həmin açıqlamada bildirilirdi ki, Bakı Qızlar Universitetində çalışan pedaqoji heyətin əsas iş yeri digər universitetlər olduğu üçün onlar əsas iş yerlərini itirməyəcəkləri qeyd edilib.
