Bakı. Trend:
2026-cı ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5 305 fırıldaqçılıq halı baş verib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 9,3 dəfə çoxdur.
Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 24,4% azalaraq 3 633 təşkil edib.
2026-cı ilin II rübündə ölkədaxili baş vermiş fırıldaqçılığın 33,9%-i hesabın ələ keçirilməsi, 66,1%-i digər hallarla, ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9%-i kartın fiziki iştirakı olmadan, 54,1%-i digər hallarla bağlı olub.
Dövr ərzində ölkədaxili fırıldaqçılığın 93,1%-i elektron ticarət və mobil tətbiq üzərindən, 6,9%-i isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 92,8%-i elektron ticarət və mobil tətbiq üzərindən, 7,2%-i isə digər hallarda baş verib.
Qeyd edək ki, bu risklərin idarə olunması məqsədilə Azərbaycan
Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası
(AzFina) banklar və elektron pul təşkilatları arasında risk əsaslı
yanaşmanın tətbiqi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
"Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq
xidmətlərinin genişlənməsi bu sahədə risklərin daha effektiv idarə
edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına
diqqətin artırılmasını zəruri edir", – deyə ABA-nın məlumatında
bildirilir.
Qeyd olunub ki, yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə
gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq maksimum 20 min
manatadək mədaxil limiti nəzərdə tutulur. Bununla yanaşı, hər hesab
üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi planlaşdırılır.
ABA və AzFina xüsusi vurğulayıb ki, məxaric (çıxarış)
əməliyyatlarına hər hansı limit tətbiq edilmir.
"Bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli
mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmur", –
məlumatda qeyd olunub.
Assosiasiyalar bildiriblər ki, müştərinin özünə və yaxın
qohumlarına məxsus ödəniş alətləri arasında aparılan mədaxil
əməliyyatları, eləcə də risk profilinə uyğun əsaslandırılmış
əməliyyatlar bu məhdudiyyətlərdən istisna ediləcək. Həmçinin,
zəruri əsaslandırma təqdim edildiyi halda banklar və elektron pul
təşkilatları müştərilərə əlavə ödəniş alətləri də təqdim edə
biləcəklər.
"Sağlam ödəniş əməliyyatı təcrübəsinə malik istifadəçilər üçün bu
yanaşma hər hansı əlavə məhdudiyyət yaratmayacaq və onların
gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək", – ABA və
AzFina bəyan edib.
