Bakı. Trend:
2026-cı ilin iyun ayında Avropa və Asiyada təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) spot qiymətləri cüzi azalsa da, bazarda volatillik orta səviyyədə qalıb.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) aylıq hesabatında bildirilib.
Hesabata görə, iyunun 18-də Yaxın Şərqdə münaqişənin dayandırılmasına dair memorandumun imzalanması və Hörmüz boğazının yenidən açılacağına dair gözləntilər qaz təchizatında fasilələrə dair narahatlıqları zəiflədərək qiymətlərə aşağı istiqamətli təzyiq göstərib. Bununla yanaşı, əsas istehlakçı regionlarda havaların isti keçməsi soyutma məqsədilə qaz tələbatını artırıb və qiymətlərin daha kəskin enməsinin qarşısını alıb.
GECF hesab edir ki, yay aylarında temperaturun normadan yüksək olacağı proqnozu spot qiymətlərə dəstək verməyə davam edəcək. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin yenidən artması qaz bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
Avropada TTF habında spot qazın orta qiyməti iyun ayında 7% azalaraq 15,12 ABŞ dolları/MMBtu, Böyük Britaniyanın NBP habında isə 8% azalaraq 14,59 ABŞ dolları/MMBtu (“Million British Thermal Units” - MMBtu) təşkil edib. Bununla belə, hər iki göstərici ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 23% və 24% yüksək olub.
Ay ərzində TTF qiyməti minimum 13,43 ABŞ dolları/MMBtu, NBP (“National Balancing Point”) isə 12,93 ABŞ dolları/MMBtu səviyyəsinə enib. Hesabatda qeyd olunur ki, Hörmüz boğazının açılması ilə bağlı nikbinlik Avropa bazarında qiymətləri aşağı salsa da, isti hava şəraiti qaz istehlakını artıraraq enişi məhdudlaşdırıb.
2026-cı ilin yanvar-iyun aylarında TTF üzrə orta qiymət 14,68 ABŞ dolları/MMBtu, NBP üzrə isə 14,35 ABŞ dolları/MMBtu olub ki, bu da illik müqayisədə müvafiq olaraq 10% və 9% artım deməkdir.
Asiyada Şimal-Şərqi Asiya (NEA) üzrə spot LNG qiyməti iyunda orta hesabla 17,23 ABŞ dolları/MMBtu təşkil edib. Bu göstərici aylıq müqayisədə 4% azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 33% yüksək olub.
GECF bildirir ki, Asiya bazarında da qiymətlər Hörmüz boğazı ilə bağlı risklərin azalması fonunda geriləyib. Bununla yanaşı, anbar ehtiyatlarının yüksək olması alıcı fəallığını zəiflətsə də, qarşıdakı aylarda isti hava proqnozları bəzi alıcıların yenidən spot bazara qayıtmasına səbəb olub.
Yanvar-iyun aylarında NEA spot LNG qiyməti orta hesabla 15,65 ABŞ dolları/MMBtu təşkil edib ki, bu da illik müqayisədə 20% çoxdur.
Hesabatda qeyd olunur ki, neft indeksinə bağlı LNG müqavilələri üzrə qiymətlər isə iyun ayında artım nümayiş etdirib. Belə ki, Oil-Indexed I üzrə orta qiymət aylıq müqayisədə 8%, Oil-Indexed II üzrə 12%, Avropa üçün Oil-Indexed III üzrə isə 9% yüksəlib.
İyulun 6-na olan vəziyyətə əsasən, 2026-cı ilin avqustundan 2027-ci ilin iyulunadək 12 aylıq fyuçers qiymətlərinin orta göstəricisi TTF üzrə 13,46 ABŞ dolları/MMBtu, NBP üzrə 13,21 ABŞ dolları/MMBtu, Asiyanın JKM göstəricisi üzrə isə 14,05 ABŞ dolları/MMBtu təşkil edib. Bu göstəricilər GECF-in iyun hesabatındakı əvvəlki proqnozlarla müqayisədə təxminən 12% aşağıdır.
ABŞ-ın Henry Hub fyuçers qiymətinin isə orta hesabla 3,32 ABŞ dolları/MMBtu olacağı gözlənilir.
Forumun proqnozuna görə, avqust ayında JKM ilə TTF arasındakı qiymət fərqi 1,3 ABŞ dolları/MMBtu səviyyəsinə enəcək, ilin son rübündə isə bu fərq 1 ABŞ dolları/MMBtu-dan da aşağı düşəcək.
İyun ayında “Brent” markalı neftin spot qiyməti aylıq müqayisədə 24% azalaraq orta hesabla 86,25 ABŞ dolları/barel təşkil edib. Buna baxmayaraq, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% yüksək olub.
Eyni dövrdə Avropada API2 kömürünün orta qiyməti 18% artaraq 129,85 ABŞ dolları/ton, Çində Qinhuangdao kömürünün qiyməti isə 3% artaraq 136,06 ABŞ dolları/ton olub.
Avropa İttifaqında karbon emissiya kvotalarının orta qiyməti də iyun ayında 79,06 avro/ton CO₂ təşkil edib ki, bu da aylıq müqayisədə 4%, illik müqayisədə isə 8% artım deməkdir.
GECF qeyd edir ki, TTF qiymətləri son aylarda kömürdən qaza keçid üçün iqtisadi cəhətdən əlverişli diapazona yaxınlaşsa da, qaz hələ də elektrik enerjisi istehsalında kömürlə müqayisədə nisbətən daha bahalı yanacaq olaraq qalır.
Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumu dünyanın aparıcı qaz ixracatçısı olan 20 ölkəni – 12 üzv və 8 müşahidəçi dövləti birləşdirən hökumətlərarası təşkilatdır. Azərbaycan Forumda müşahidəçi ölkə statusuna malikdir. GECF-in aylıq qaz bazarı hesabatı qlobal iqtisadiyyat, qaz istehlakı və hasilatı, boru kəməri və LNG ticarəti, qaz anbarları, eləcə də enerji qiymətləri üzrə qısamüddətli bazar tendensiyalarını əhatə edir.
