Bakı. Trend:
Nigeriyanın Zamfara ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində, uşaqlar da olmaqla, azı 52 nəfər oğurlanıb.
Bu barədə yerli mənbələr AFP agentliyinə məlumat veriblər.
Məlumata görə, motosikletlə hərəkət edən silahlılar şənbədən bazara keçən gecə Kaura Namoda yerli idarəetmə bölgəsində yerləşən Kasuvar Daci kəndinə daxil olublar. Onlar əvvəlcə yaşayış məntəqəsinin kənarında yerləşən hərbi bazaya hücum ediblər.
Kənd sakinlərinin sözlərinə görə, hücumçular hərbi bazadan silahları ələ keçirib, hərbi patrul avtomobilini yandırıblar. Daha sonra onlar kəndə hücum edərək onlarla sakini girov götürüblər.
12 yaşlı qızı oğurlanan ata Şehu Abdullahi bildirib ki, silahlılar əvvəlcə 100-dən çox insanı girov götürüb, daha sonra onların bir qismini azad edərək sonda 52 nəfəri saxlayıblar.
Digər kənd sakini Əhməd Usman isə silahlıların ev-ev gəzərək insanları oğurladıqlarını bildirib.
Nigeriya ordusunun nümayəndəsi Olaniyi Osoba bildirib ki, hərbçilər hərbi bazaya edilən hücumu "uğurla dəf ediblər". Bununla belə, hücum zamanı bir hərbçi və bir polis əməkdaşı həlak olub. Onun sözlərinə görə, silahlılar kənddən dəqiq sayı açıqlanmayan sakinləri oğurlayıblar.
Ordu hücuma görə məsuliyyəti "terrorçuların" üzərinə qoyub. Nigeriya hakimiyyəti bu termini ölkədə fəaliyyət göstərən müxtəlif silahlı qruplara münasibətdə istifadə edir.
Kasuvər Daci kəndinə hücum qonşu Sokoto ştatında baş vermiş digər qanlı hadisədən sonra qeydə alınıb. Yerli sakinlərin AFP-yə verdiyi məlumata görə, Sabon Birni yaşayış məntəqəsində silahlı şəxslərin hücumu nəticəsində azı 11 nəfər öldürülüb. Nigeriya KİV-lərinin məlumatına əsasən, hücum şənbə axşamından bazar günü günortayadək davam edib.
Nigeriyanın şimal-qərb və mərkəzi bölgələrinin kənd ərazilərində fəaliyyət göstərən silahlı cinayətkar dəstələr fermerlərdən qeyri-qanuni "vergi" yığmaq, mal-qara oğurlamaq, kəndləri talamaq və qanunsuz mədənçilik fəaliyyəti ilə məşğul olmaqda ittiham olunurlar.
