Zəngilan. Trend:
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri yalnız yaşayış məntəqələrinin yenidən qurulmasını deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin və sosial-mədəni həyatının dirçəldilməsini əhatə edir.
Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
O bildirib ki, işğal dövründə Azərbaycanın zəngin mədəni irsi məqsədli şəkildə məhv edilib.
“İşğal altında qalmış ərazilərdə 700-dən artıq tarixi və mədəniyyət abidəsi dağıdılıb. Bu vandalizm məscidlərimizi, türbələrimizi, qəbiristanlıqlarımızı və digər müqəddəs məkanlarımızı da əhatə edib”, - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin irsin bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.
“Böyük qayıdış təkcə insanların öz yurdlarına qayıtması demək deyil. Burada vaxtilə mövcud olmuş sosial-mədəni həyatın, tarixi yaddaşın və mədəni irsin bərpası bu prosesin əsas tərkib hissəsidir”, - deyə F.Cəfərov bildirib.
Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası və qeyri-maddi mədəniyyət nümunələrinin yaşadılması istiqamətində ardıcıl layihələr həyata keçirilir.
“Xarıbülbül Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, şəhər günləri və digər mədəni layihələr Qarabağın tarixi-mədəni mühitinin yenidən canlandırılmasına xidmət edir”, - deyə o vurğulayıb.
F.Cəfərov qeyd edib ki, Azərbaycan zəngin mədəni irsi ilə dünyada xüsusi yer tutur.
“Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş elementlərin sayına görə 193 ölkə arasında ilk altılıqda yer alır. Bu, xalqımızın mədəni irsinin zənginliyinin beynəlxalq səviyyədə təsdiqidir”, - deyə o bildirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan mədəniyyəti ölkə sərhədləri ilə məhdudlaşmır.
“İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi dahilərin irsi bu gün də geniş coğrafiyada öyrənilir və dünya mədəniyyətinə təsir göstərməkdə davam edir. Bu irs hər bir azərbaycanlı üçün qürur mənbəyidir”, - deyə o qeyd edib.
F.Cəfərov bildirib ki, Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb, lakin Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət davam etdirilməlidir.
“Mədəni irsimizi düzgün təqdim etmək, onu qorumaq və dünyada Azərbaycan irsi kimi tanıtmaq hər birimizin, xüsusilə də xaricdə yaşayan gənclərin üzərinə düşən mühüm vəzifədir. Bunun üçün tariximizi, ədəbiyyatımızı və mədəniyyətimizi dərindən öyrənmək lazımdır”, - deyə o vurğulayıb.
Nazir müavini diaspor gənclərini Mədəniyyət Nazirliyinin xaricdə fəaliyyət göstərən mədəniyyət evləri və Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan evləri ilə sıx əməkdaşlığa çağırıb.
“Sizləri Azərbaycanın xaricdəki mədəniyyət elçiləri kimi görürük. Mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində sizin fəallığınız xüsusi əhəmiyyət daşıyır”, - deyə F.Cəfərov əlavə edib.
