Bakı. Trend:
Bu günlərdə Fransanın himayəsi və siyasi təsiri altında fəaliyyət göstərən Korsika Assambleyasının mövcud olmayan qondarma "Artsax Respublikası" və Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilmiş Ermənistan vətəndaşları ilə bağlı qanunvericilik təşəbbüsünü qəbul etməsi nə hüquqi, nə də siyasi baxımdan hər hansı legitimliyə malik deyil. Bu, açıq şəkildə Azərbaycanın suverenliyinə qarşı yönəlmiş növbəti təxribatdır.
Nəzərə alsaq ki, Korsika dövlət deyil, Fransanın tərkibində olan, xüsusi statusa malik bir ərazidir, faktiki olaraq müstəmləkədir, o zaman Fransanın Azərbaycana qarşı rəsmi dövlət siyasətinə dəstək olan təhdidin haradan qaynaqlandığına şübhə yeri qalmır.
Bu addım bir daha göstərir ki, rəsmi Paris regionda sülh gündəmini dəstəkləmək əvəzinə, separatizmi təşviq edən və beynəlxalq hüququ selektiv şəkildə tətbiq edən siyasətini davam etdirməkdədir. Öz ərazisində separatçılığa qarşı ən sərt tədbirləri görən Fransa, Azərbaycana münasibətdə tamamilə fərqli standartlardan çıxış edir. Bu, beynəlxalq hüquq norma və prinsipləri ilə ziddiyyət təşkil edən ikili standartların və siyasi riyakarlığın daha bir bariz nümunəsidir.
"Artsax Respublikası" adlı qurum mövcud deyil və heç vaxt beynəlxalq hüququn subyekti olmayıb. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda separatizm tamamilə aradan qaldırılıb. Bu reallığı dəyişmək cəhdləri yalnız kağız üzərində yazılmış siyasi bəyanatlardan ibarətdir və heç bir hüquqi nəticə doğurmur.
Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşlarının "siyasi məhbus" kimi təqdim edilməsi də qəbuledilməz manipulyasiyadır. Onlar etnik mənsubiyyətlərinə görə deyil, Azərbaycan qanunvericiliyini pozduqlarına və konkret cinayət əməllərində ittiham olunduqlarına görə mühakimə olunurlar. Məhkəmə prosesinə xaricdən siyasi təzyiq göstərmək cəhdləri isə Azərbaycanın məhkəmə hakimiyyətinə və dövlət suverenliyinə açıq hörmətsizlikdir.
Fransa anlamalıdır ki, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Qarabağ məsələsi artıq tarixə qovuşub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub və bu reallığı nə Korsika Assambleyasının, nə də Fransadakı ayrı-ayrı siyasi dairələrin populist qərarları dəyişə bilməz. Əksinə, bu cür təşəbbüslər Fransanın regionda vasitəçi kimi qalan nüfuzunu daha da sarsıdır və onun Cənubi Qafqaz siyasətinin qərəzli mahiyyətini bir daha nümayiş etdirir.
Bu məsələyə münasibətdə ciddi məqamlardan biri budur ki, Fundamental hüquqları məhz Fransa tərəfindən ayaqlar altına atılmış Korsika xalqı ilə Fransa hökumətinə yarınmaqla Korsikanın milli maraqlarını müdafiə etmək əvəzinə Parisin siyasi iradəsinə boyun əyən dairələr arasında aydın fərq qoyulmalıdır.
İstənilən halda, hər zaman olduğu kimi, Azərbaycan ölkəmizə qarşı yönəlmiş bütün siyasi kampaniyalara adekvat cavab vermək hüququnu özündə saxlayaraq öz milli maraqlarını və suveren hüquqlarını bundan sonra da qətiyyətlə müdafiə edəcək.
Əli Hüseynli,
Milli Məclisin deputatı