Zəngilan. Trend:
Xaricdə yaşayan azərbaycanlı gənclər yaşadıqları ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsində fəal rol oynamalı, ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına öz bilik və bacarıqları ilə cavab verməlidirlər.
Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanın diaspor siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
“2001-ci ildə Ulu Öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıları Azərbaycana dəvət etdi. Həmin qurultayın nəticəsi olaraq 2002-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ulu Öndərin çıxışlarında Azərbaycan kimliyinin qorunması və Azərbaycan dilinin inkişafı hər zaman xüsusi yer tutub”, - deyə o qeyd edib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan dilinin qorunması xaricdə yaşayan soydaşların milli kimliyinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan dili Azərbaycan mədəniyyətinin və kimliyinin əsas sütunudur. Bu fundament olmadan milli kimliyi qorumaq mümkün deyil”, - deyə F.Muradov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə başlanan Diaspor Gənclərinin Yay Düşərgəsi bu gün dünya azərbaycanlıları üçün mühüm platformaya çevrilib.
“İlk dəfə bu təşəbbüsü həyata keçirəndə düşünmürdük ki, yay düşərgəsi diaspor dünyasında belə nüfuz qazanacaq. Məqsədimiz gənclərin təkcə Azərbaycanda vaxt keçirməsi deyil, onların bilik və bacarıqlarını artırmaq, gələcəyin diaspor liderlərini yetişdirmək idi”, - deyə o vurğulayıb.
F.Muradov qeyd edib ki, düşərgə çərçivəsində iştirakçılar alimlər, diplomatlar, dövlət rəsmiləri və müxtəlif sahələr üzrə tanınmış şəxslərlə görüşəcək, Azərbaycanın tarixi, mədəniyyəti və diaspor fəaliyyəti ilə bağlı biliklərini zənginləşdirəcəklər.
Komitə sədri bildirib ki, “diaspor gəncləri” anlayışı yeni termin deyil, yeni fəaliyyət modelidir.
“Biz istəyirik ki, siz bu düşərgədən təkcə xoş xatirələrlə yox, həm də müəyyən ideoloji hazırlıqla ayrılasınız. Yaşadığınız ölkələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına biganə qalmamalısınız”, - deyə o bildirib.
Onun sözlərinə görə, sosial media və rəqəmsal platformalar diaspor gənclərinə Azərbaycanın həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yaradır.
Komitə sədri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əsas məqsədlərindən biri xaricdə yaşayan gənclərin diaspor hərəkatında daha fəal iştirakını təmin etmək və yeni liderlər yetişdirməkdir.
“Biz istəyirik ki, siz təşəbbüsü öz üzərinizə götürəsiniz. Kənardan tənqid etmək asandır, amma prosesin içində olmaq böyük məsuliyyət tələb edir”, - deyə o bildirib.
F.Muradov vurğulayıb ki, dövlət xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Onun sözlərinə görə, builki yay düşərgəsində 60-dan çox ölkədən gənc iştirak edir, indiyədək isə 84 ölkədən gənclər bu layihəyə qoşulublar. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə il ərzində 800-dən çox layihə həyata keçirilir, həkimlərin, mühəndislərin, alimlərin və mədəniyyət elçilərinin forumları təşkil olunur.
Komitə sədri bildirib ki, dövlətin əsas məqsədi xaricdə yaşayan azərbaycanlı gənclərin peşəkar inkişafına dəstək vermək və onların gələcəkdə Azərbaycanın inkişafına töhfə verməsinə şərait yaratmaqdır.
“Biz istəyirik ki, siz yaxşı təhsil alasınız, peşəkar kimi formalaşasınız və gələcəkdə Azərbaycanın inkişafında iştirak edəsiniz. Xaricdə yaşayan soydaşlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək”, - deyə F.Muradov əlavə edib.
O qeyd edib ki, düşərgə iştirakçıları Şuşa və digər işğaldan azad edilmiş ərazilərə səfərlər zamanı həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olacaq, Azərbaycanın inkişaf strategiyasını və bölgədə aparılan dəyişiklikləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər.
