Ağdam. Trend:
Ağdam Sənaye Parkına 180 milyon manata yaxın investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev parkın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verərkən deyib.
O bildirib ki, Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkənin ikinci ən böyük sənaye parkıdır:
“Bu günədək parkda 30 sahibkara rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən parka 180 milyon manata yaxın investisiya yatırılıb, nəticədə 1 230 daimi iş yeri yaradılıb. İş yerlərinin böyük hissəsində Ağdam və ətraf rayonların sakinlərinin məşğulluğuna üstünlük verilir.
Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə isə layihələndirmə mərhələsindədir. 2026-cı ilin ilk altı ayı ərzində park rezidentləri tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bunun 42 milyon manatı ixracın payına düşür”.
Mediatur çərçivəsində jurnalistlər sənaye parkında fəaliyyət göstərən müəssisələrlə də tanış olublar.
Parkın rezidentlərindən olan BAFCO ayaqqabı fabrikində poliuretan çəkmə və ayaqqabı istehsalı həyata keçirilir. Müəssisədə hazırda 80-ə yaxın əməkdaş çalışır və onların böyük əksəriyyəti Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərdir.
Fabrikdə müxtəlif təyinatlı, rəngli və modellərdə 20-yə yaxın poliuretan ayaqqabı istehsal olunur. Məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Hazırda fabrikin məhsulları Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana göndərilir. Yaxın gələcəkdə isə Avropa, Yaxın və Orta Şərq bazarlarına çıxışın genişləndirilməsi nəzərdə tutulur.
Sənaye parkında fəaliyyət göstərən digər müəssisədə yüksək gərginlikli elektrik dirəkləri istehsal edilir. Müəssisənin məhsulları ölkənin müxtəlif bölgələrində həyata keçirilən layihələrdə istifadə olunur. Burada 17 nəfər çalışır və onların da əksəriyyəti Ağdamdan olan keçmiş məcburi köçkünlərdir. Müəssisə əsasən Çin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib və fəaliyyətinin qurulmasına dövlət tərəfindən dəstək göstərilib.
Media nümayəndələri aşağı və orta gərginlikli elektrik paylayıcı qurğularının istehsal olunduğu zavodda da olublar. Bildirilib ki, burada qlobal bazarda tələbat yüksək olan məhsullar müasir texnologiyalar əsasında istehsal edilir. Müəssisədə işə qəbul zamanı doğma yurduna qayıdan gənclərə üstünlük verilir.
Jurnalistlər həmçinin Ağdam Sənaye Parkının rezidenti olan “Mister Decor” MMC-nin divar kağızı istehsalı zavoduna baş çəkiblər. Müəssisə işğaldan azad edilmiş ərazilərdə yaradılan ilk sənaye müəssisələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur.
Zavodun illik istehsal gücü 2,1 milyon rulon təşkil edir. Burada istehsal olunan məhsullar həm daxili bazarda satışa çıxarılır, həm də xarici ölkələrə ixrac edilir. Hazırda müəssisədə 50-yə yaxın əməkdaş çalışır.
Qeyd edək ki, Ağdam Sənaye Parkında istehsal olunan müxtəlif sənaye məhsulları artıq dünya bazarlarına ixrac edilir və parkın istehsal potensialı ildən-ilə genişlənməkdə davam edir.
