Bakı. Trend:
Məleykkə Abbaszadə magistraturaya qəbul olunanlara müraciət edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, magistraturaya qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər:
"Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı isə daha sonra DİM tərəfindən elan ediləcək. Bundan əlavə, qəbul imtahanından sonra ADA Universiteti, UFAZ, MDU-nun Bakı filialı və digər xüsusi ali təhsil müəssisələrinin prosedurları ilə 500-dən çox bakalavr magistraturaya qəbul olunub.
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845-i magistraturaya qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır. DİM-in məlumatına görə, ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, qəbul olunanların sayı isə 399 nəfər artıb. Ödənişsiz əsaslarla təhsil almaq imkanı qazananların sayı da 834 nəfər çox olub. Bu il magistraturaya ayrılan 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41 faizi deməkdir. Plan yerlərinin 3 813-ü isə vakant qalıb. DİM bildirib ki, plan yerlərinin bir hissəsinin boş qalacağı əvvəlcədən gözlənilən idi, çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı plan yerlərindən az olub. Qəbul 67 proqram üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında plan yerləri tam dolub. Mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət sahələrində isə plan yerlərinin 50 faizdən çoxu boş qalıb".
DİM sədri bildirib ki, ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub:
"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin doluluq səviyyəsi 90 faizdən çox olub".
