Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri artıq yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Son illərdə həyata keçirilən layihələr göstərir ki, dövlətin əsas məqsədi bu ərazilərdə dayanıqlı yaşayış mühitinin formalaşdırılması, iqtisadi aktivliyin artırılması və bölgənin ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdir. Bu proses həm dövlət büdcəsindən ayrılan iri həcmli investisiyalar, həm də özəl sektorun təşviqi hesabına mərhələli şəkildə genişlənir.
Bu istiqamətdə Maliyyə Nazirliyinin açıqladığı son göstəricilər də görülən işlərin miqyasını əks etdirir. Məlumata görə, hesabat dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi, yəni 1 milyard 64,1 milyon manat istifadə edilib.
Ayrılan vəsaitin əsas hissəsi avtomobil yollarının tikintisi və yenidən qurulması, yeni yaşayış komplekslərinin salınması, turizm infrastrukturunun yaradılması, Şuşa, Xankəndi və Laçında kanat yollarının layihələndirilməsi, elektrik və su təchizatı sistemlərinin qurulması, sənaye parklarının infrastrukturunun yaradılması kimi layihələrə yönəldilib. Bununla yanaşı, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi, ərazilərin minalardan təmizlənməsi, müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin inşası da maliyyələşdirilən prioritet istiqamətlər sırasında yer alıb.
Qarabağ artıq iqtisadi inkişafın yeni mərkəzinə çevrilir
Mövzunu Trend-ə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru qısa müddətdə daxili maliyyə imkanları hesabına yenidən quraraq yeni inkişaf mərhələsinə daxil olub.
Onun sözlərinə görə, artıq 85 mindən çox vətəndaş azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır ki, bu da həyata keçirilən məskunlaşma siyasətinin uğurunu nümayiş etdirir.
Deputat qeyd edib ki, indiyədək dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan çox vəsait ayrılıb.
Bununla yanaşı, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün tətbiq edilən 10 illik vergi və digər güzəştlər özəl investisiyaların artmasına şərait yaradıb.
V.Bayramovun fikrincə, artıq bölgədə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına inteqrasiyası mərhələsi başlayıb.
O vurğulayıb ki, ilkin hesablamalara əsasən, Qarabağ və Şərqi Zəngəzur gələcəkdə Azərbaycan iqtisadiyyatının təxminən 10 faizini formalaşdırmaq potensialına malikdir.
Onun sözlərinə görə, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişafı nəticəsində bölgədə təxminən 15 milyard manat əlavə iqtisadi dəyər yarana bilər və Qarabağ ölkə iqtisadiyyatının əsas inkişaf drayverlərindən birinə çevriləcək.
İnfrastrukturdan iqtisadi dəyərə keçid mərhələsi
Azad edilmiş ərazilərə yönəldilən vəsaitlərin bölgüsü göstərir ki, prioritet yalnız yolların və yaşayış məntəqələrinin tikintisi deyil. Paralel olaraq enerji, su təsərrüfatı, sənaye, turizm, sosial infrastruktur və təhlükəsizlik sahələrinin inkişafına da investisiyalar ayrılır. Bu yanaşma gələcəkdə bölgənin uzunmüddətli iqtisadi dayanıqlığını təmin etməyə hesablanıb.
Artıq həyata keçirilən layihələrin nəticələri də görünməyə başlayır. Yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi, sənaye müəssisələrinin fəaliyyətə başlaması, turizm potensialının reallaşdırılması və ixracyönümlü istehsalın təşviqi göstərir ki, Qarabağ tədricən istehlak mərkəzindən istehsal və investisiya məkanına çevrilir. Bu isə dövlət investisiyalarının gələcəkdə özəl kapital üçün daha əlverişli biznes mühiti yaratdığını nümayiş etdirir.
Dövlət investisiyaları uzunmüddətli inkişafın əsasını qoyur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı dövlət investisiyaları yalnız dağıdılmış infrastrukturun bərpasına deyil, bölgənin gələcək iqtisadi potensialının formalaşdırılmasına xidmət edir.
Onun sözlərinə görə, yol, enerji, kommunal xidmətlər, sosial obyektlər və sənaye infrastrukturu üzrə həyata keçirilən layihələr gələcəkdə sahibkarlığın inkişafı və yeni investisiyaların cəlbi üçün möhkəm zəmin yaradır.
Deputat qeyd edib ki, yaradılan müasir infrastruktur həm əhalinin rahat yaşayışını təmin edir, həm də bölgədə biznes fəaliyyətinin genişlənməsinə imkan verir.
O vurğulayıb ki, dövlət tərəfindən ardıcıl şəkildə ayrılan maliyyə vəsaitləri Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir və uzunmüddətli dövrdə regionun iqtisadi artımın əsas mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır.
Qarabağın bərpası artıq iqtisadi strategiyanın ayrılmaz hissəsidir
Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə dövlət proqramı planlı şəkildə davam etdirilir və ayrılan vəsaitlər konkret inkişaf istiqamətlərinə yönəldilir. Bu investisiyalar yalnız dağıdılmış infrastrukturun yenidən qurulması məqsədi daşımır, eyni zamanda bölgədə iqtisadi fəallığın artırılması, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun genişlənməsi və əhalinin davamlı məskunlaşması üçün əsas baza formalaşdırır.
Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağın bərpası artıq təkcə postmünaqişə dövrünün əsas layihəsi deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Dövlət investisiyalarının və özəl sektorun fəallığının paralel şəkildə artması yaxın illərdə regionun ölkə iqtisadiyyatına töhfəsini daha da artıracaq.
