34 valyuta hərracından 23-ü baş tutmayıb - AMB sədri

İqtisadiyyat Materials 31 İyul 2026 12:00 (UTC +04:00)
34 valyuta hərracından 23-ü baş tutmayıb - AMB sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayının 1-dən bu günədək keçirilməsi planlaşdırılan 34 valyuta hərracından 23-ü baş tutmayıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərracın baş tutmaması həmin hərraclarda valyutaya tələbin olmaması deməkdir.

"Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu almaq istəyən olmayıb. Belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib", – deyə o qeyd edib.

AMB sədri bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri 2022-ci ildən fəaliyyət göstərən banklararası valyuta ticarəti platformasıdır.

"Biz 2022-ci ildən "Bloomberg" platforması üzərində banklararası valyuta platformasını yaratmışıq. 2024-cü il isə, yəqin ki, həmin platformada ən yüksək dövriyyənin qeydə alındığı il olub. Banklar valyutaya olan tələbatlarını artıq öz aralarında qarşılayırlar. Bəzi banklarda tələb yaranarkən, digər banklarda kifayət qədər valyuta ehtiyatı olduğu üçün onlar bir-biri ilə əməliyyat aparırlar. Ona görə də Mərkəzi Bankın valyuta hərraclarına ehtiyac qalmır. Bu, çox vacib məqamdır", – deyə Taleh Kazımov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti