İsti hava sağlamlığa necə təsir edir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

Cəmiyyət Materials 30 İyul 2026 12:53 (UTC +04:00)
İsti hava sağlamlığa necə təsir edir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsti hava şəraiti insan orqanizminə müxtəlif təsirlər göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.

Mütəxəssisin sözlərinə görə, isti hava nəticəsində orqanizm daha çox tərləyir ki, bu da su və mineral duzların itirilməsinə səbəb olur:

"Nəticədə orqanizmdə susuzlaşma, halsızlıq, başgicəllənmə, diqqətin zəifləməsi və arterial təzyiqin enməsi müşahidə oluna bilər. Günəş altında uzun müddət qalmaq istilik tükənməsi və günvurma riskini artırır. Günvurma zamanı bədən hərarəti təhlükəli həddə yüksəlir, huşun itməsi, qıcolmalar və hətta həyati təhlükə yarana bilər. İsti hava ürək-damar, tənəffüs sistemi, böyrək xəstəlikləri, eləcə də şəkərli diabet kimi xroniki xəstəliklərin gedişatına mənfi təsir göstərərək onların kəskinləşməsinə səbəb ola bilər. Yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isti havanın mənfi təsirlərinə daha həssasdırlar".

Zakir Quliyev qeyd edib ki, bu risklərin qarşısını almaq üçün gün ərzində kifayət qədər su qəbul etmək, susuzluq hissi olmasa belə, müntəzəm maye içmək vacibdir:

"Günəş şüalarının ən intensiv olduğu 11:00–17:00 saatları arasında açıq havada uzun müddət qalmaqdan çəkinmək, kölgəli və sərin məkanlara üstünlük vermək tövsiyə olunur".

Mütəxəssis-ekspert həmçinin vurğulayıb ki, açıq rəngli, yüngül və hava keçirən geyimlərdən istifadə etmək, papaq və günəş eynəyi taxmaq, eləcə də günəşdən qoruyucu kremlərdən yararlanmaq mühüm əhəmiyyət daşıyır:

"Fiziki gərginlik tələb edən işləri və idman məşqlərini səhər erkən və ya axşam saatlarına keçirmək daha məqsədəuyğundur. Qapalı məkanların yaxşı havalandırılması və ya kondisionerdən düzgün istifadə edilməsi bədən hərarətinin normal səviyyədə saxlanmasına kömək edir. Alkoqollu və yüksək şəkər tərkibli içkilərdən uzaq durmaq, meyvə və tərəvəzlərlə zəngin, yüngül qidalanmaya üstünlük vermək də sağlamlığın qorunmasına müsbət təsir göstərir".

Terapevt bildirib ki, başgicəllənmə, güclü halsızlıq, ürəkbulanma, qusma, sürətli nəbz, həddindən artıq tərləmə və ya huşun qarışması kimi əlamətlər yarandıqda dərhal sərin yerə keçmək, maye qəbul etmək, vəziyyət ağırlaşdığı təqdirdə isə təcili tibbi yardım çağırmaq lazımdır:

"İsti havalarda profilaktik tədbirlərə əməl etmək sağlamlığın qorunmasında və istiliklə əlaqədar yarana biləcək ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti