Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 30-a yaxın yeni layihəni nəzərdən keçirir - Zamirbek Osmonov

İqtisadiyyat Materials 31 İyul 2026 11:40 (UTC +04:00)
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 30-a yaxın yeni layihəni nəzərdən keçirir - Zamirbek Osmonov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata. Trend:

Azərbaycan–Qırğızıstan İnkişaf Fondu Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələri üzrə 30-a yaxın yeni investisiya layihəsini nəzərdən keçirir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri Zamirbek Osmonov Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, fond artıq layihələrin həyata keçirilməsinin aktiv mərhələsinə keçib və bu günədək iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 11 təşəbbüsü təsdiqləyib. Bu layihələr nəticəsində təxminən min yeni iş yeri yaradılıb.

"Layihələr energetika, logistika, təhsil, səhiyyə, sənaye, o cümlədən yüngül sənaye kimi müxtəlif sahələri əhatə edir. Hazırda fondun baxışında iqtisadiyyatın müxtəlif sahələrinə aid ən perspektivli 30-a yaxın layihə var", – deyə o bildirib.

O qeyd edib ki, fondun əsas prioritetlərindən biri layihələrin təkcə ölkənin iri şəhərlərində deyil, həm də Qırğızıstanın regionlarında həyata keçirilməsinə dəstək verməkdir.

"Batken, Talas, Narın və İssık-Kul vilayətlərinin inkişafı ilə bağlı planlarımız var. Xüsusilə İssık-Kul bölgəsində əsas diqqət turizm sahəsinə yönəlib", – deyə o vurğulayıb.

Osmonov bildirib ki, fondun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarını genişləndirir.

"Fondun nizamnamə kapitalının 200 milyon dollara artırılması bizə ən perspektivli layihələri daha böyük inamla nəzərdən keçirməyə imkan verir", – deyə o əlavə edib. Osmonov fondun gələcək fəaliyyətinin əsas istiqamətləri kimi energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalını göstərib.

"Geniş tərkibdə keçirilən iclas zamanı prezidentlər ölkəmizin iqtisadiyyatının ən böyük potensiala malik sahələrini qeyd etdilər. Bunlar energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalıdır. Biz də bu istiqamətlərdə layihələrin həyata keçirilməsində iştirak edəcəyik", – deyə Osmonov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti