Bakı. Trend:
Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 30%-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını məbləğində hissəsini beynəlxalq maliyyəbazarında ticarət olunanxarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, sözügedən göstərici ilin əvvəli ilə müqayisədə eyni səviyyədə qalıb.
Hesabat tarixinə avrobondların 5,125% kupon dərəcəsi olan 310,7 milyon dollarlıq hissəsinin ödəniş müddəti 2029-cu ildə, 3,5% kupon dərəcəsi olan 1 milyard 76,6 milyon dollarlılıq hissəsinin ödəniş müddəti isə 2032-ci ildə başa çatır.
Qeyd edək ki, bu ilin 1 iyul tarixinə xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6 faizini təşkil edib.
Məlumata əsasən, hesabat tarixinə xarici dövlət borcu portfelinin 35,7%-i Asiya İnkişaf Bankının, 30,0%-i avrobondların, 12,9%-i Dünya Bankının, 21,4%-i isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Xarici dövlət borcunun 59,5 faizi 5 ilə qədər olan müddətdə, 34,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.
