Bakı. Trend:
İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi əsasən xarici mənşəli amillərlə bağlıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, inflyasiya və iqtisadi artım üzrə proqnozlar hazırlanarkən bir sıra əsas amillər nəzərə alınır. Həm inflyasiyanın, həm də iqtisadi artımın faktiki dinamikası proqnoz göstəricilərinə birbaşa təsir göstərir.
AMB sədri qeyd edib ki, inflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi əsasən xarici mənşəli amillərlə bağlıdır. Bu baxımdan Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi mühüm rol oynayır.
T.Kazımov bildirib ki, nominal effektiv məzənnənin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha zəif templə artacağı gözləntiləri də inflyasiya proqnozlarına təsir edən amillərdəndir. Onun sözlərinə görə, nominal effektiv məzənnə inflyasiyanı azaldan faktor hesab olunur. Lakin məzənnənin artım tempinin zəifləməsi bu təsirin də azalmasına səbəb olur.
AMB sədri əlavə edib ki, iqtisadi artım proqnozlarına faktiki iqtisadi artım tempinin zəifləməsi, eləcə də iqtisadiyyatın potensial artım imkanlarında baş verən dəyişikliklər də təsir göstərir.
O vurğulayıb ki, inflyasiya proqnozlarının dekompozisiyası zamanı dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı, əsas kapitala investisiyaların dinamikası və digər makroiqtisadi göstəricilər də nəzərə alınır.
