Bakı.Trend:
İyun ayında Azərbaycanda "Visa" ödəniş kartları ilə həyata keçirilən əməliyyatların həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyun ayında rezident maliyyə institutları (habelə statistik vahidin ödəniş kartları) tərəfindən buraxılmış "Visa" ödəniş kartları ilə Azərbaycanda həyata keçirilən əməliyyatların sayı 191,346 milyon, həcmi isə 9,152 milyard manat təşkil edib.
Trend-in AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Visa" kartları ilə həyata keçirilən əməliyyatların sayı 63,514 milyon və ya 49,7 faiz, əməliyyatların həcmi isə 1,773 milyard manat və ya 24 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Bundan əlavə, debet kartlarının sayının 12 faiz artdığı, kredit kartlarının sayının isə 3,5 faiz azaldığı qeyd olunur.
Xatırladaq ki, "Visa"nın Azərbaycandakı regional meneceri, baş direktoru Nurlan Hacıyev Trend-ə verdiyi özəl müsahibədə bildirmişdi ki, "Visa" bazara yeni texnologiyalar və xidmətlər təqdim edir və 10 emitent bank artıq "Click to Pay"in texniki tətbiqini başa çatdırıb.
O qeyd edib ki, "Visa" Azərbaycanda tokenləşdirmə, KOBİ həlləri və elektron ticarət xidmətləri daxil olmaqla rəqəmsal ödəniş həllərini fəal şəkildə inkişaf etdirməyə davam edir.
"2019-cu ildə biz "Visa Token Service" texnologiyasını təqdim etdik. "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişlərin təməlini qoyduq və bu texnologiya sonradan Azərbaycana gəldi. Bu gün yerli istifadəçilər üçün bunlar adi haldır: "Bolt", "Wolt", "Epoint", "BirMarket", "Bakcell", "Azercell" və bir çox digər tərəfdaşlarımızın veb saytlarını və ya platformalarını ziyarət edərkən alış-veriş üçün rəqəmsal cüzdanlardan istifadə edə bilərsiniz. Bu, problemsiz, rahat və təhlükəsizdir."
Nurlan Hacıyevin sözlərinə görə, elektron ticarətin tokenləşdirilməsi xeyli artıb:
"Son bir ildə rəqəmsal cüzdanlar vasitəsilə daxili ödənişlərin həcmi təxminən 2,5 dəfə, sərhədlərarası əməliyyatlar isə 1,5 dəfədən çox artıb".
Hazırda doqquz Azərbaycan bankı tərəfindən təklif olunan "Visa Tap to Phone" həlli təmassız ödənişlərin inkişafında əsas rol oynayır:
"Bu, kiçik biznes üçün əlverişli ödəniş üsuludur: ödəniş terminalının quraşdırılmasına və saxlanmasına ehtiyac yoxdur və ödənişlər smartfondan qəbul edilə bilər".
Sərhədlərarası ödənişlər mövzusunda Nurlan Hacıyev Xalq Bank ilə əməkdaşlıqda "Visa Direct Account and Wallet" tətbiqini müzakirə edib. Bu həll beynəlxalq köçürmələri alıcının yerli valyutasında asanlaşdırır.
O, həmçinin premium kart sahibləri üçün mövcud olan imtiyazlardan da danışıb.
"Visa" premium kart sahibləri "DragonPass" proqramı vasitəsilə dünya üzrə 1200 biznes salonundan istənilən birinə daxil ola bilərlər. İstifadəçilər həmçinin Azərbaycanda ən populyar xidmətlərdən biri olan hava limanı transferlərinə və "Fast Track" xidməti ilə xüsusi sürətləndirilmiş qeydiyyat prosesinə çıxış əldə edirlər", - deyə Nurlan Hacıyev bildirib.
O, həmçinin "Sea Breeze"in "Visa"nın əsas tərəfdaşlarından biri olduğunu bildirib:
"Tərəfdaşlıq müqaviləmizi uzatdıq və əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik". "Visa" nümayəndəsi həmçinin daha bir tərəfdaşlığın uzadılmasından - Milli Olimpiya Komitəsi ilə yerli idmanın inkişafını dəstəkləmək məqsədi daşıyan memorandumun imzalanmasından da bəhs edib".
