Çolpon-Ata.Trend:
Beynəlxalq arenada Mərkəzi Asiyaya artan maraq yeni imkanlar açır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə deyib.
"Bugünkü görüşü regional gündəliyin aktual məsələlərinin birgə irəlilədilməsi yollarını müzakirə etmək üçün yaxşı fürsət hesab edirik. Dünya hazırda tarixinin mürəkkəb dövrünü yaşayır. Geosiyasi qeyri-müəyyənlik artır, beynəlxalq münasibətlər sistemi dəyişir, təhlükəsizlik sahəsində yeni təhdidlər meydana çıxır. Sosial-iqtisadi xarakterli qlobal risklər və çağırışlar da çoxalır. Belə şəraitdə dövlətlərimizin bu mənfi proseslərə səmərəli reaksiya vermək bacarığı xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, regionumuza beynəlxalq arenada marağın artması ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların və texnologiyaların cəlb olunması üçün yeni imkanlar yaradır", – deyə o bildirib.
Rəhmon qeyd edib ki, bu imkanlardan Mərkəzi Asiya xalqlarının maraqları naminə maksimum səmərə ilə istifadə olunmalıdır.
"Eyni zamanda, regional inkişafın aktual məsələlərinin irəlilədilməsi zamanı bütün tərəflər üçün məqbul yanaşmaların qorunub saxlanılması vacibdir. Ümumi prioritetlərimiz sırasında nəqliyyat dəhlizlərinin və logistikanın inkişafı əvvəlki kimi mühüm yer tutur. Energetika, sənaye, rəqəmsallaşma və ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzində olmalıdır. Mədəni-humanitar əlaqələrin inkişafı isə dəyişməz prioritet olaraq qalır", – deyə o əlavə edib.
