Bakı. Trend:
İngiltərə Futbol Assosiasiyası (FA), FIFA-nın hüquqlarını özəl investorlara satacağı təqdirdə UEFA-nın dünya çempionatını boykot etmək qərarını dəstəkləyib.
UEFA-nın bütün 55 üzv ölkəsi FİFA-nın turnirdəki paylarını özəl investorlara satmaq planlarına etiraz olaraq 2030-cu il dünya çempionatını boykot etmək qərarına gəlib.
"Biz avropalı həmkarlarımızla çiyin-çiyinə dayanırıq və onların kollektiv mövqeyini tam dəstəkləyirik. Biz FIFA-nın planlarına qarşıyıq. Dünya Kuboku futbola məxsusdur və həmişə belə olacaq", - deyə FA X sosial media səhifəsindəki açıqlamasında bildirib.
FIFA daha əvvəl 20 milyard dollarlıq törəmə şirkətin yaradılması üçün layihə konsepsiyasını dərc etmişdi. Plana əsasən, onun dörddə bir hissəsi özəl investorlara 4,2 milyard dollara satılacaq. Milli federasiyalara ödənişlər qarşıdakı dörd illik dövr üçün 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon dollara və 24 milyon dollara qədər artırılacaq. Vurğulanıb ki, federasiyaların əksəriyyəti layihənin başlamasına qərar verməlidir. FIFA Şurasının təsdiqi də tələb olunur.