Bakı. Trend:
İqlim böhranının inkişaf etməkdə olan kiçik ada dövlətlərinə vurduğu zərəri araşdıran hesabatda Karib ölkələrinin 2000–2024-cü illərdə iqlimlə əlaqəli fəlakətlər nəticəsində 53,2 milyard dollar zərər çəkdiyi bildirilib.
Bu barədə məlumat xarici mediada əks olunub.
ODI Global beyin mərkəzinin araşdırmasına görə, bu məbləğ Karib, Sakit, Atlantik və Hind okeanları, eləcə də Cənubi Çin dənizində yerləşən 39 inkişaf etməkdə olan ada dövlətində daşqın, fırtına və quraqlıq nəticəsində qeydə alınan 57 milyard dollarlıq ümumi iqtisadi itkinin 90 faizindən çoxunu təşkil edir.
Hesabata əsasən, iqlim böhranı 25 il ərzində hər il 190-dan çox insanın ölümünə səbəb olub. Hesabatın müəllifi Emili Uilkinson bildirib ki, araşdırma qlobal iqlim təzminatları ilə bağlı müzakirələr baxımından mühüm əhəmiyyət daşıyır.
Hesabatda 2025-ci ilin oktyabrında Yamaykada baş verən “Melissa” qasırğasının fəsadları da vurğulanıb. Saatda 298 kilometr sürətlə əsən qasırğa ölkə tarixində qeydə alınan ən güclü fırtına olub. Yamayka hökumətinin hesablamalarına görə, 12,2 milyard dollarlıq ümumi zərər və itkinin 9,7 milyard dolları, yəni təxminən 80 faizi, birbaşa iqlim böhranı ilə əlaqələndirilir.
ODI Global beynəlxalq iqlim maliyyələşməsinin, xüsusilə bəzi varlı ölkələrin töhfələrini azaltması fonunda, iqlim böhranının təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri baxımından yetərli olmadığını qeyd edib.
