Bakı. Trend:
Misirin Nil çayının deltası bölgəsində yerləşən Dumyat limanında iki gəmidə yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.
Qurum nümayəndəsinin sözlərinə görə, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları vəziyyəti tam nəzarətə götürüb və yanğın lokallaşdırılıb. İlkin məlumata əsasən, yanğın gəmilərdən birinin maşın şöbəsində başlayıb, daha sonra alov qonşu gəmiyə keçib. Nazirlikdən bildirilib ki, "Dumyat limanında baş vermiş yanğının dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür."
Misirin təhlükəsizlik xidmətləri isə yanğının guya pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verməsi barədə yayılan məlumatları təkzib edib.
"Dumyat limanına dron hücumu ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur", – deyə Misirin təhlükəsizlik qurumları bəyan ediblər.