Bakı. Trend:
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni bina inşa olunur.
Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tikilən yeni bina iki girişli və dördmərtəbəli olmaqla, ümumilikdə 33 mənzildən ibarət olacaq. Layihəyə əsasən, binada sakinlərin müasir tələblərə cavab verən, tam təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması üçün bütün zəruri infrastruktur və kommunikasiya xətləri nəzərdə tutulub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inşası davam edən binada görülən işlərin gedişi ilə maraqlanıb. Rayon rəhbəri tikintinin müasir memarlıq tələblərinə uyğun aparılmasını, işlərin müəyyən olunmuş qrafikə əsasən vaxtında və keyfiyyətlə başa çatdırılmasını diqqət mərkəzində saxlayaraq aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verib.
Qeyd edək ki, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və təhlükəsiz mənzillərlə təmin olunmasına yönəlmiş bu kimi layihələrin icrası dövlət qayğısının növbəti təzahürüdür. Tikinti işlərinin yaxın vaxtlarda yekunlaşdırılması və mənzillərin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
