Bakı. Trend:
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə daxil olub.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və bu səfər çərçivəsində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası göstərdi ki, tərəflər artıq münasibətləri yalnız dostluq və siyasi dialoq müstəvisində deyil, uzunmüddətli strateji tərəfdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətindədir:
“Dövlət başçılarının qəbul etdiyi qərarlar iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar açır”.
Deputat vurğulayıb ki, Azərbaycan və Qırğızıstanı birləşdirən əsas amillərdən biri ortaq tarixi köklər, mədəni dəyərlər və Türk dünyası çərçivəsində formalaşan qarşılıqlı etimaddır: “Məhz bu siyasi etimad son illərdə iqtisadi münasibətlərə də müsbət təsir göstərərək yeni layihələrin reallaşdırılmasına şərait yaradıb. Dövlətlərarası Şuranın qərarında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyinin xüsusi vurğulanması da tərəflərin gələcək əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir.
Yeni mərhələnin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Hər iki ölkə sahibkarları arasında əlaqələrin gücləndirilməsi, investisiya təşəbbüslərinin təşviq olunması və ticarət dövriyyəsinin artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı əlverişli biznes mühiti ilə Qırğızıstanın Mərkəzi Asiya bazarındakı imkanları bir-birini tamamlayan iqtisadi model yaradır. Bu isə qarşılıqlı sərmayələrin artmasına və yeni biznes layihələrinin həyata keçirilməsinə təkan verə bilər.
Əməkdaşlığın mühüm dayaqlarından biri Azərbaycan–Qırğız İnkişaf Fondudur. Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına qədər artırılması barədə qərar iki ölkənin iqtisadi münasibətlərinin maliyyə bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Geniş maliyyə imkanları sənaye, kənd təsərrüfatı, logistika və digər prioritet istiqamətlər üzrə birgə layihələrin reallaşdırılmasını sürətləndirə bilər. Bu baxımdan Fond yalnız maliyyə institutu deyil, həm də uzunmüddətli iqtisadi tərəfdaşlığın əsas platformalarından biri kimi çıxış edir”.
Deputatın sözlərinə görə, səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Qırğızıstanın iştirakına verilən yüksək qiymət oldu: “Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki qardaş ölkə arasında həmrəyliyin və qarşılıqlı dəstəyin real nümunəsidir. Bu layihə yalnız təhsil infrastrukturunun inkişafına xidmət etmir, eyni zamanda humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Türk dünyasında həmrəyliyin güclənməsinə töhfə verir.
Energetika və nəqliyyat sahələri də əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır. Qərarda Qırğızıstana neft və neft məhsullarının qarşılıqlı faydalı şərtlərlə tədarükünün təşkili, eləcə də enerji sahəsində yeni təşəbbüslərin hazırlanması nəzərdə tutulur. Digər tərəfdən, Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi Qırğızıstanın beynəlxalq bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.
A.Həsənova qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişafı təkcə ikitərəfli əməkdaşlıq baxımından deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. İki ölkənin regional layihələrə ortaq yanaşması və qarşılıqlı dəstəyi gələcəkdə iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə imkan yaradacaq.
Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olub. Qəbul edilən qərarlar təkcə mövcud əməkdaşlığı möhkəmləndirmir, həm də gələcək illərdə investisiya, nəqliyyat, energetika və humanitar sahələrdə daha geniş tərəfdaşlıq üçün institusional zəmin yaradır. Bu isə Azərbaycan–Qırğızıstan əlaqələrinin strateji xarakterini daha da gücləndirən mühüm siyasi və iqtisadi mərhələ kimi qiymətləndirilə bilər”.
